XƏBƏRLƏR 2021
Azərbaycan və Özbəkistan arasında mədəniyyət və təhsil sahəsində əməkdaşlıq müzakirə olundu.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Özbəkistan Sənət və Mədəniyyət İnstitutunun rektoru, professor İbrahim Yuldaşev arasında görüş keçirmişdir. Görüş zamanı tərəflər arasında mədəniyyət, sənət, elm, təhsil, humanitar sahədə əməkdaşlığın daha da genişləndirilməsi və bu istiqamətdə birgə layihələrin həyata keçirilməsi müzakirə olunub.
Görüşdə direktor Samir Abbasov Azərbaycan və Özbəkistan arasında bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsində əməkdaşlığın inkişafı, dövlət başçılarımız arasında keçirilən görüşlər, Özbəkistanda ötən ay təşkil edilən TÜRKSOY üzv dövlətlərin mədəniyyət nazirlərinin sessiyası, mədəniyyət naziri Anar Kərimovun Özbəkistana səfəri, müzakirə olunan məsələlər, əməkdaşlığın daha da genişləndirilməsi haqqında fikirlərini bölüşüb.
Diplomat Samir Abbasov bu günlərdə Azərbaycanın öz torpaqlarını erməni işğalından azad etməsi uğrunda apardığı Vətən müharibəsinin bir ilinin tamam olduğunu, Ali baş komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun 30 ilə yaxın erməni işğalında qalan torpaqlarımızın azad edildiyini bildirib. İşğalın ağır nəticələri, azad olunmuş ərazilərdə bütün infrastrukturun, mədəni abidələrin dağıdılması haqqında məlumat verib. O, bu il Azərbaycanda “Nizami Gəncəvi ili” elan olunduğunu və bu münasibətlə Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən keçiriləcək tədbirlər və layihələr barədə məlumat verib.
Özbəkistan Sənət və Mədəniyyət İnstitutunun rektoru, professor İbrahim Yuldaşev xalqlarımızın mədəniyyət, dil, ənənə, soykökünün bir-birinə yaxın olduğunu qeyd edərək, dünyaya Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi və s. kimi şəxsiyyətlər bəxş edən Azərbaycanın qədim tarixə, zəngin mədəniyyətə malik olduğunu vurğulayıb. İkitərəfli əməkdaşlıq haqqında danışan rektor Azərbaycanın müvafiq ali təhsil ocaqları ilə əlaqələrin genişləndirilməsinin mühüm olduğunu qeyd edən rektor, mədəniyyətin müxtəlif sahələri üzrə əməkdaşlıq və təcrübə mübadiləsinin zəruri olduğunu vurğulayıb.
Görüşdə Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov bu il ərzində Özbəkistan Sənət və Mədəniyyət İnstitutunun rektoru, professor İbrahim Yuldaşevin Azərbaycana səfərinin təşkili və səfər zamanı Azərbaycan Mədəniyyət Nazirliyi, Bakı Dövlət Universiteti, Mədəniyyət və İncəsənət Universitetində görüşlərin keçirilməsi, əməkdaşlığın genişləndirilməsi ilə əlaqədar təklif irəli sürmüşdür. Təklif rektor İbrahim Yuldaşev tərəfindən yüksək qiymətləndirilib.
Səfər zamanı tərəflər arasında əməkdaşlığa dair Memorandumun imzalanması, gələcəkdə ödənişsiz əsaslarla həftəlik və aylıq tələbə mübadiləsi proqramının icrası, ali məktəblərin dördüncü kurs tələbələrinin paritet əsasda praktikalarının qarşı tərəfdə təşkili, birgə tədbirlərin, layihələrin həyata keçirilməsi məsələlərini müzakirə ediblər.
Görüşdə S.Abbasovun Azərbaycanın dünya şöhrətli şairləri, mütəfəkkirləri, bəstəkarların əsərlərinin Özbəkistanda tədris proqramına daxil edilməsi barədə təklifi ilə əlaqədar fikir mübadiləsi aparılıb.
Sonda Samir Abbasov rektor İbrahim Yuldaşevə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə “Nizami Gəncəvi ili” ilə əlaqədar tarixdə ilk dəfə olaraq Özbək dilinə tərcümə və nəşr olunmuş “Xəmsə” nəşrini və “Qarabağ” kitabını bağışlamışdır.
15.10.2021