XƏBƏRLƏR 2021
Özbəkistanın Xarəzm vilayətində Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin rəsmi açılışı olub.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Xarəzm vilayətində keçirilən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri çərçivəsində Urgənc Dövlət Musiqili Dram Teatrında Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin rəsmi açılışı olub.
Tədbirdə Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti iştirak edib.
Teatrın aktyorları qonaqları foyedə qarşılayıb və türk xalqlarının tarixi əsərlərindən ibarət səhnələr təqdim ediblər.
Vilayət hakiminin müavini Batır Saidov Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərində iştirak edən bütün qonaqları salamlayıb, ikinci dəfə vilayətdə təşkil olunan tədbirlərin iki ölkə arasında dostluğu və əməkdaşlığı möhkəmləndirdiyini qeyd edib. Azərbaycanla Özbəkistanın Xarəzm vilayəti arasında mədəni-humanitar sahədə əlaqələrin inkişafından danışan Batır Saidov Özbəkistanda ta qədimdən böyük Azərbaycan şairləri Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi və digər klassiklərinin çox sevildiyini vurğulayıb. Bu şairlərdən ilhamlanan Xarəzm ədibləri əsərlər yaradıb, poeziya gecələri təşkil etdiyini qeyd edib. B.Saidov əmin olduğunu bildirib ki, Xarəzm vilayəti ilə Azərbaycan arasında əməkdaşlıq bundan sonra da inkişaf edəcək, müntəzəm olaraq Azərbaycana və Xarəzmə səfərlər təşkil olunacaq.
Millət vəkili Qənirə Paşayeva çıxışında bildirib ki, biz əlamətdar bir ildə görüşürük. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvinin 880 illiyi ilə bağlı 2021-ci ili “Nizami Gəncəvi İli” elan edib. Özbəkistanda isə bu il böyük özbək şairi Əlişir Nəvainin 580 illiyi qeyd olunur. Şərqin hər iki dahi şairi ilə bağlı Türk dünyasında və bir sıra digər dövlətlərdə tədbirlər keçirilir, onların əsərləri təkrar-təkrar dərc olunur.
Q.Paşayeva deyib: “Böyük şairlər və filosoflar-Heydər Xarəzmi, Məhəmməd Rizo Aqahi, Abu Reyhan Biruni, Pəhləvan Mahmud, Nəcmiddin Kubro kimi şəxsiyyətlər yetişdirmiş Xarəzm toprpağına Azərbaycandan salam gətirmişəm.
Böyük Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərindən ilhamlanan özbək şairləri zaman-zaman müxtəlif əsərlər yaradıblar. Tanınmış özbək şairi Əlişir Nəvai Nizaminin “Xəmsə”sindən təsirlənərək türk dilində “Xəmsə” yazıb. 14-cü əsrdə yaşamış Heydər Xarəzmi böyük Azərbaycan şairi Nizami Gəncəvinin “Sirlər xəzinəsi” əsərini oxuduqdan sonra poemanı “Maxzan ul-Asror” adı ilə tərcümə edib. Qütb Xarəzmi isə “Xosrov və Şirin” poemasını xarəzm türkcəsinə çeviib. Hər iki əsərin özü köçürülərək yayılıb. 19-cu əsrdə Aqahi Nizami Gəncəvinin “Yeddi gözəl” poemasını tərcümə edib. Lütfi, Əl-Xarəzmi, Durbek, Qodoyi, Atoyi və digər ədiblərin əsərlərində də Nizami Gəncəvinin təsiri duyulmaqdadır”.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə reallaşdırılan Azərbaycan mədəniyyət və ədəbiyyatı günlərinin milli və ortaq dəyərlərimizin tanıdılması istiqamətində əhəmiyyətindən danışıb. Diplomat bildirib ki, yazıçı və şairlərimizlə bərabər dövlət başçılarımızı da dostluq və qardaşlıq münasibətləri birləşdirib. Belə ki, ulu öndər Heydər Əliyevlə Özbəkistanın sabiq rəhbərləri Şərəf Rəşidov və İslam Kərimovun, Azərbaycanın və Özbəkistanın hazırkı dövlət başçıları İlham Əliyevlə Şavkat Mirziyoyevin dostluğu bir örnəkdir. Samir Abbasov qeyd edib ki, Xivə şəhəri ilə işğaldan azad olunan Şuşa arasında “qardaşlaşmış şəhərlər” münasibətlərinin qurulması istiqamətində işlər aparılır.
Sonra Azərbaycanın Xalq artisti Gülyanaq Məmmədova muğam və xalq mahnılarımızı, saz ustası İlham Abdullayev qədim el havalarını Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” ansamblının üzvləri rəqslərimizi ifa ediblər.
Azərbaycan milli musiqisi, lirik və muğam sənətimizə dair çıxışlar iştirakçıların alqışları ilə qarşılanmışdır.
Tədbirdə vilayətin rəhbərləri, elm, mədəniyyət və incəsənət xadimləri, yerli azərbaycanlılar, jurnalistlər iştirak edib.
28.10.2021