XƏBƏRLƏR 2021
Daşkənddə BMT Günü münasibətilə keçirilən tədbirdə ölkəmiz də təmsil olunub
Daşkənddəki “Erudite Education School” məktəbində Birləşmiş Millətlər Təşkilatı (BMT) Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə BMT-nin üzvü olan 28 ölkənin mədəniyyət nümunələri təqdim olunub. Mərasimdə ölkəmizi Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib.
Mərasimdə bildirilib ki, bu günlərdə təşkilatın yaradılmasının 71-ci ildönümü qeyd olunur.
Tədbir çərçivəsində keçirilən kitab sərgisində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafından bəhs edən kitablar, “Qarabağ həqiqətləri” seriyasından Heydər Əliyev Fondu tərəfindən rus və ingilis dillərində çap edilən nəşrlər olub.
Kolleksiyada AMM-nin özbək dilində Azərbaycanın tarixi, dövlətçiliyi, mədəniyyəti, ədəbiyyatı ilə bağlı Daşkənddə çap etdirdiyi kitablar, habelə Qarabağ münaqişəsinə dair nəşrlər nümayiş olunub.
Nəşrlər arasında AMM-nin özbək dilində çap etdirdiyi böyük Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”si, İmadəddin Nəsiminin “Cananı sevərmən”, “Azərbaycanca-özbəkcə, özbəkcə-Azərbaycanca lüğət” kitabları, Azərbaycan-Özbəkistan ədəbi əlaqələri mövzusunda əsərlər də olub.
Qarabağ regionunun milli qadın və kişi geyimləri iştirakçılar tərəfindən maraqla qarşılanıb.
03.11.2021