XƏBƏRLƏR 2021
8 noyabr Zəfər Gününü Özbəkistandakı səfirliyimiz Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə qeyd edib
Azərbaycanın Özbəkistandakı Səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə Özbəkistanda 8 Noyabr-Zəfər Günü qeyd edilib.
Mərasimə səfirliyin və mədəniyyət mərkəzinin əməkdaşları, paytaxtdakı soydaşlarımız qatılıb.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev və digər iştirakçılar ulu öndər Heydər Əliyevin Mədəniyyət Mərkəzinin qarşısındakı abidəsi önünə əklil və gül dəstələri düzüblər.
Hüseyn Quliyev Zəfər bayramı münasibətilə iştirakçıları təbrik edib, bu qələbənin qazanılmasının Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin əsgər və zabitlərinin adı ilə bağlı olduğunu vurğulayıb. Bu ədalətli müharibədə Azərbaycanın haqq işini dəstəkləyən dövlətlərə minnətdarlıq edən səfir Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMT TŞ) Ermənistanın işğal altında olan torpaqlarımızı qeyd-şərtsiz azad etməsi ilə bağlı dörd qətnaməsinin yerinə yetirilmədiyini bildirib.
H.Quliyev deyib: “Azərbaycan cəmi 44 gün müddətində öz torpaqlarını işğalçılardan təmizlədi, ədalət bərpa olundu. BMT TŞ-nın 30 ilə yaxın yerinə yetirə bilmədiyi münaqişəni Azərbaycan qısa müddətdə həll etdi”.
Səfir bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev ulu öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirdi, Azərbaycan torpaqları və Qarabağın incisi, qədim Şuşa şəhəri işğalçılardan azad olundu.
Diplomat noyabrın 8-i Azərbaycan Prezidenti İlham Əliyevin Şuşada olduğunu, Türkiyənin milli müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul etdiyini, Azərbaycan hərbçiləri ilə görüşdüyünü, bərpa olunan bir sıra tarixi abidələrə getdiyini də bildirib.
H.Quliyev vurğulayıb ki, hazırda azad olunan torpaqlarda bərpa-yenidənqurma işlərinə start verilib. Əminəm ki, bu torpaqlar tezliklə bərpa olunacaq, vətəndaşlarımız öz dədə-baba yurdlarına qayıdacaqlar.
Sonra iştirakçılar mədəniyyət mərkəzinin həyətindəki Şəhidlər bağında “Xarıbülbül” abidə kompleksinin qarşısına əklil və gül dəstələri düzüblər.
09.11.2021