XƏBƏRLƏR 2021
Azərbaycan Mədəniyyət Mərkəzi “Soqdiana” Orkestrinin yaradılmasının 30 illiyində iştirak edib
Daşkənddəki “Türküstan” konsert salonunda “Soqdiana” Xalq Çalğı Alətləri Kamera Orkestrinin yaradılmasının 30 illiyi münasibətilə mərasim keçirilib.
Tədbirdə Özbəkistanın mədəniyyət naziri Azadbek Nazarbekov, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, ölkənin elm, mədəniyyət və incəsənət xadimləri, jurnalistlər iştirak ediblər.
Azadbek Nazarbekov yubiley münasibətilə orkestrin bədii rəhbəri və baş dirijoru Firuzə Əbdürrəhmanovanı və kollektivi təbrik edib, orkestrin uğurlarından danışıb, gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayıb. Nazir deyib ki, orkestr Amerika Birləşmiş Ştatları, Almaniya, Avstriya, Fransa, Çexiya, Rusiya, Hindistan, İsveçrə, Qırğızıstan və digər ölkələrdə uğurla çıxış edib, “Qran-Pri” və digər müxtəlif mükafatlara layiq görülüb.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov "Soqdiana" Milli Çalğı Alətləri Kamera Orkestrini 30 illik yubileyi münasibətilə təbrik edərək özbək musiqisini dünyada tanıtdıran və bu istiqamətdə çoxsaylı layihələr həyata keçirən kollektivin fəaliyyətini yüksək qiymətləndirib.
O bildirib ki, Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə orkestr Özbəkistan səhnəsində Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Hacı Xanməmmədov və başqa tanınmış Azərbaycan bəstəkarlarının əsərlərini ifa edib.
S.Abbasov Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Özbəkistanda keçiriləcək “Nizami Gəncəvi və Əlişir Nəvai mədəniyyət və ədəbiyyat günləri”nin açılış mərasimində də "Soqdiana” orkestrinin hər iki şairin əsərlərindən ibarət konsert proqramı ilə çıxış edəcəyini vurğulayıb. O, "Soqdiana" orkestrinin fəaliyyətinə uğurlar arzulayıb.
Sonra orkestrin ifasında böyük konsert proqramı təqdim olunub.
11.11.2021