Daşkənddə “Nizami Gəncəvi və Əlişir Nəvai yaradıcılığı ilə bağlı beynəlxalq konfrans keçirilib
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Daşkənddə keçirilən “Nizami Gəncəvi və Əlişir Nəvai mədəniyyət və ədəbiyyat günləri” çərçivəsində Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində “Nizami Gəncəvi və Əlişir Nəvai yaradıcılığı türk dünyası poeziyasının qürur mənbəyi, dünya ədəbiyyatının zirvəsidir” adlı beynəlxalq konfrans keçirilib.
Konfransda universitetin professor-müəllim heyəti, tələbələr, elm və mədəniyyət xadimləri iştirak edib.
Konfransa Azərbaycanın və Özbəkistanın mədəniyyət nazirlikləri, hər iki ölkənin Yazıçılar birlikləri, Azərbaycanın Özbəkistandakı səfirliyi, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyəti, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti, Əbu Reyhan Biruni adına Özbəkistan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu, Özbəkistan Dövlət Konservatoriyası dəstək göstərib.
Tədbiri universitetin Özbək ədəbiyyatı tarixi və folklor kafedrasının müdiri, professor Nurboy Jabborov açaraq Nizami Gəncəvi və Əlişir Nəvainin yaradıcılığı haqqında danışıb, bildiirib ki, Əlişir Nəvai “Xəmsə” yazmağa başlayanda Nizami Gəncəvini müəllimi hesab edib. Bu böyük şairləri 300 illik zaman ayırır. Şeyx Nizami “Xəmsə”ni farsca yazsa da əsərlərində türk dəyərləri, türk ruhu hakimdir.
Universitetin prorektoru Zeynobiddin Abduraşidov iki ölkə arasında mədəni və ədəbi əlaqələrimizin inkişafından danışıb, Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Özbəkistanda Nizami Gəncəvinin “Xəmsə”sinin özbək dilində çap olunmasını və Əlişir Nəvainin “Xəmsə”sinin Azərbaycanda tərcümə edilib çap olunmasını hər iki ölkənin mədəni həyatında böyük hadisə adlandırıb. Nizami Gəncəvinin “Xəmsə”sinin tərcüməsi və çapı üçün Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasova, Əlişir Nəvainin “Xəmsə”sinin Azərbaycan dilinə tərcümə olunması və çap edilməsi üçün Bakı Dövlət Universitetinin professoru Ramiz Əskərə minnətdarlığını bildirib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Nizami Gəncəvi və Əlişir Nəvainin yaradıcılıqlarının ədəbiyyatımızın qürur mənbəyi olduğunu və dünya poeziyasının ən gözəl nümunələri olduğunu vurğulayıb. Diplomat Nizami Gəncəvi və Əlişir Nəvai ilə başlayan ədəbi əlaqələrimizin bu gün də uğurla davam etdiyini qeyd edib.
S.Abbasov söyləyib ki, böyük Nizami Gəncəvinin “Xəmsə”si Özbəkistanda ilk dəfə çap olunub və böyük maraq doğurub və gələcəkdə tədqiqatçılar üçün gözəl mənbədir.
Azərbaycan Mədəniyyət Nazirliyinin bölmə müdiri Akif Marifli bildirib ki, həm Azərbaycan, həm də Özbəkistan dünya ədəbiyyatı tarixinə böyük şair və filosoflar bəxş edib. Nizami Gəncəvi və Əlişir Nəvai də bunların arasındadır. Bu dahi şairlərsiz nə Azərbaycan ədəbiyyatını, nə də Özbəkistan ədəbiyyatını təsəvvür etmək mümkündür.
Azərbaycan Milli Məclisinin deputatı, Əməkdar elm xadimi, akademik Nizami Cəfərov bildirib ki, Nizami Gəncəvi də, Əlişir Nəvai də müsəlman intibahının şairləridir. Bu şairlər heç bir fərq qoymadan ərəb fəlsəfəsindən də, Əbülqasım Firdovsi başda olmaqla Şərq poeziyasından da öyrəniblər. Nizami Gəncəvinin “Xəmsə”sindəki qəhrəmanların mütləq əksəriyyəti Ə.Firdovsinin “Şahnamə”sindən gəlib. “Şahnamə”dəki qəhrəmanların heç biri, İskəndəri çıxmaq şərti ilə, Xosrov da, Bəhram da müsəlman deyil, atəşpərəstdirlər. Nizami Gəncəvinin qüdrəti ondadır ki, atəşpərəstləri, yəni islam dininə sitayiş etməyənləri müsəlman kimi təqdim edib.
Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri, professor Ramiz Əskər deyib ki, divan ədəbiyyatında bizim Əlişir Nəvaidən böyük şairimiz yoxdur. Əlişir Nəvai ona görə böyükdür ki, o həm dahi şair, həm də mütəfəkkirdir. İstedadlı Şərq şairləri iki və ya üç divan yazıb, Əlişir Nəvai ilin fəsillərinə uyğun olaraq dörd divan ortaya qoyub.
O zaman deyiblər ki, əgər böyük şairsənsə, farsca və ya ərəbcə də divan yazmalısan. Şair onu da edib. Nəvai dörd divanı türkcə, birini isə farsca yazıb. Məlum olduğu kimi, ilk “Xəmsə”ni Nizami Gəncəvi yazıb. Nizami Gəncəvidən sonra müxtəlif dövrlərdə 100-ə yaxın “Xəmsə” qələmə alınıb. Nizami Gəncəvi, Əmir Xosrov Dəhləvi, Əbdürrəhman Cami və Əlişir Nəvainin “Xəmsə”ləri daha populyardır. Bu şairlərin üçü “Xəmsə”ni farsca, Əlişir Nəvai isə türkcə yazıb.
AMEA Əlyazmalar İnstitutunun Nizami Gəncəvi əlyazmalarının tədqiqi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə “Nizami Gəncəvi “Xəmsə”sinin özbək dilinə tərcüməsi məsələləri”, Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri Sayman Aruz “Nizaminin və Nəvainin əsərlərində müqayisəli təhlil”, Ankara Milli Kitabxanasının şöbə müdiri, professor Niyazi Unver “Nizami Gəncəvinin və Əlişir Nəvainin əlyazmalarının öyrənilməsi məsələləri”, Özbəkistan Milli Universitetinin professoru Niqina Şirmuxammedova “Nizami Gəncəvinin “Xəmsə”sinin dünya fəlsəfəsi və ədəbiyyatındakı yeri” mövzularında məruzələr ediblər.
Sonda Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Özbəkistanın Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinə Nizami Gəncəvi və Əlişir Nəvainin Azərbaycan və Türkiyə kitabxanalarında saxlanılan unikal əlyazmaların surətlərinin elektron nüsxələri hədiyyə edilib.
04.12.2021