XƏBƏRLƏR 2021
Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzi bu ölkənin Konstitusiya Günü münasibətilə keçirilən tədbirdə iştirak edib
Daşkənddəki Memarlıq-Tikinti İnstitutunun Akademik liseyində 8 dekabr - Özbəkistanın Konstitusiya Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları və “Azərbaycan qızları” rəqs ansamblı iştirak edib.
Liseyin icraçı direktoru Qulom Saidov bu münasibətlə müəllim və tələbələri təbrik edib, müstəqillik illərində Özbəkistanın qazandığı uğurlardan söz açıb.
Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşı Kifayət Pirməmmədova Konstitusiya Günü münasibətilə Mərkəzin adından təbriklərini çatdırıb. O, Özbəkistanda 135 xalqın nümayəndələrinin yaşadığını, ölkənin Əsas Qanunu ilə milli azlıqların bütün hüquqlarının təmin olunduğunu vurğulayıb. K.Pirməmmədova Azərbaycanın Konstitusiyası haqqında məlumat verib, ölkələrimiz arasındakı dostluq münasibətlərindən söhbət açıb. O, Mədəniyyət Mərkəzinin fəaliyyəti, burada keçirilən tədbirlər, Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə çap olunan kitablar haqqında məlumat verib.
Sonra “Azərbaycan qızları” rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.
09.12.2021