XƏBƏRLƏR 2021
Özbəkistanda Əlişir Nəvaiyə həsr olunan konfransda Azərbaycan alimləri də iştirak ediblər
Özbəkistanın Nəvai şəhərində böyük özbək şairi Əlişir Nəvainin 580 illiyi ilə bağlı beynəlxalq konfrans keçirilib.
Nəvai vilayət hakimiyyəti, Nəvai adına Dövlət Pedaqoji İnstitutu və Əlişir Nəvai adına Beynəlxalq Fondun təşəbbüsü ilə keçirilən tədbirdə Özbəkistandan başqa Azərbaycan, Türkiyə, Rusiya, Kanada, Hindistan, Orta Asiya respublikaları və digər ölkələrdən gələn alimlər, tədqiqatçılar iştirak ediblər.
Konfransa ölkəmizdən Bakı Dövlət Universitetinin professoru Ramiz Əskər, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Almaz Ülvi, AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi Qalib Sayılov qatılıb.
Əvvəl iştirakçılar Əlişir Nəvainin şəhərin mərkəzindəki abidəsi önünə əklil və çiçək dəstələri qoyublar.
Tədbiri Nəvai vilayətinin hakimi Normat Tursunov açaraq Əlişir Nəvainin dünya ədəbiyyatındakı yeri və mövqeyi haqqında məlumat verib.
Özbəkistan Yazıçılar İttifaqının sədri Siracəddin Səyyid, bu ölkənin Elmlər Akademiyasının Dil, Ədəbiyyat və Folklor İnstitutunun direktoru, professor Nizaməddin Mahmudov, Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru, professor Şuxrat Siracəddinov, Türkiyənin Əski Çanaqqala Universitetinin rektoru Əbdürrəhman Gözəl və başqaları Əlişir Nəvainin yaradıcılığı, ayrı-ayrı əsərləri haqqında söhbət açıblar.
Ramiz Əskər “Dörd “Xəmsə” müəllifindən biri və birincisi”, Almaz Ülvi “Əlişir Nəvainin “Quş dili” poemasında “Şeyx Sənan” hekayəsi”, Qalib Sayılov “Ölməz türk ruhunun tərənnümçüsü” mövzularında məruzələr ediblər.
Ramiz Əskər Əlişir Nəvainin Azərbaycan dilinə tərcümə etdiyi “Xəmsə”sini, Almaz Ülvi isə Əlişir Nəvainin yaradıcılığı ilə bağlı yazdığı kitabları təşkilat komitəsinə hədiyyə edib.
25.11.2021