XƏBƏRLƏR 2021
“Əlişir Nəvai və XXI əsr” adlı konfransda Azərbaycan da iştirak edib.
Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində “Əlişir Nəvai və XXI əsr” adlı beynəlxalq konfransın açılışı olub.
Açılış mərasimində Özbəkistanın elm və mədəniyyət xadimləri, səfirlər, beynəlxalq təşkilatların nümayəndələri, onlayn formatda bir sıra xarici dövlətin alim və tədqiqatçıları iştirak edib.
Universitetin rektoru, professor Şuxrat Siracəddinov konfransı açaraq iştirakçıları salamlayıb, Əlişir Nəvainin həyat və yaradıcılığı haqqında məlumat verib, böyük şairin Şərq ədəbiyyatındakı yerindən və mövqeyindən danışıb.
Özbəkistan Milli Elmlər Akademiyasının Nəvai adına Ədəbiyyat, Dil və Folklor İnstitutunun direktoru, professor Nizaməddin Mahmudov, Türkiyə və Əfqanıstanın Özbəkistandakı səfirləri Turqut Surəyya Er, Əhməd Xalid Elmi və başqaları Əlişir Nəvaini tanınmış şair, dövlət xadimi və filosof kimi xarakterizə ediblər.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov bildirib ki, bu konfrans Azərbaycan tərəfi üçün də çox əlamətdar hadisədir. Azərbaycan və özbək ədəbi əlaqələrinin tarixindən danışan natiq qeyd edib ki, Əlişir Nəvai ədəbi əlaqələrimizin fövqündə duran şəxsiyyətlərdən biridir. O deyib ki, türk ədəbi dilinin yaradıcısı olan Əlişir Nəvai xalqın ehtiramını da qazanmışdı.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəylinin onlayn formatda təqdim etdiyi Əlişir Nəvai yaradıcılığının Azərbaycanda öyrənilməsi, əsərlərinin nəşri məsələləri ilə bağlı məruzəsi maraqla qarşılanıb. Bildirilib ki, Əlişir Nəvai dünya ədəbiyyatı tarixinə türk dilində “Xəmsə” yazan şair kimi düşüb.
Sonra Şuxtat Siracəddinov universitetin Elmi Şurasının qərarını oxuyub.
Qərara əsasən, İsa Həbibbəyli və AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri” şöbəsinin müdiri, filologiya elmləri doktoru Almaz Ülvi Binnətova Azərbaycan-Özbəkistan ədəbi əlaqələri sahəsindəki xidmətlərinə görə universitetin fəxri professoru adına layiq görülüblər.
Şuxtat Siracəddinov bununla bağlı diplomları aidiyyəti üzrə çatdırmaq üçün Samir Abbasova təqdim edib.
09.02.2021