Azərbaycanlı şəhid jurnalist Salatın Əsgərovanın 60 illik yubileyi ilə bağlı onlayn konfransda Azərbaycan Mədəniyyət Mərkəzi və Özbəkistan jurnalistləri də iştirak və çıxış ediblər.
Azərbaycan Respublikasının Milli Qəhrəmanı, şəhid jurnalist Salatın Əsgərovanın anadan olmasının 60-cı ildönümü münasibəti ilə onlayn konfrans keçirilib.
Onlayn konfransın aparıcısı – Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı şəhid jurnalist, Milli Qəhrəman Salatın Əsgərovanın timsalında bütün şəhidlərimizin ruhunu ehtiramla yad edərək, ötən il düşmən üzərində qazanılmış tarixi Zəfəri şəhidlərin ruhunu şad edən ən mühüm hadisə adlandırıb.
O, bildirib ki, onlayn konfrans şəklində keçirilən anım tədbiri Milli Məclisin Mədəniyyət Komitəsinin təşkilatçılığı ilə keçirilir.
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva şəhid Milli Qəhrəmanın öz yeganə körpə övladını doğmalarına tapşıraraq, Vətənin tapşırığının ardınca getdiyini vurğulayaraq, Salatın Əsgərovanın timsalında bir perşəkar jurnalistin, vətəncanlı ziyalının fədakarlıq örnəyi ilə tanış olduğumuzu deyib: “Bəli, ana vətənin çağırışına səs verib, öz analıq hissinə qalib gəlmək təsvirəgəlməz hadisədir. O, əlbəttə öz yeganə övladını dünyalar qədər sevirdi, onun təlim-tərbiyəsi ilə vaxtının yetdiyi qədər məşğul olmuşdu lakin vətənin dar günündə Azərbaycan həqiqətlərini rusdilli mətbuat vasitəsi ilə dünyaya yaymağın nə qədər taleyüklü vəzifə olduğunun da fərqində idi. O, yalnız şəhid olduğu gün xidməti ezamiyyətdə olmamışdı; Salatın xanımı, demək olar, hər həftə öncəbhədə, əsgərlərin yanında, cəbhəboyu əhali ilə reportajlar hazırlayan görürdük. Mən və bir çox həmkarım o vaxt jurnalistikaya yeni-yeni maraq göstərirdik və biz ondan öyrənirdik.
Salatın Əsgərova nə üçün qətl edildi? – Çünki o, Ermənistanın, dünya erməniliyinin, Dağlıq Qarabağdakı separatçıların içüzünü açıb göstərir, həqiqətləri gün üzünə çıxarır, faktlatrın dili ilə danışır və yazırdı. Salatın xanım rusdilli mediada çıxış edirdi, yazdıqları böyük auditoriyaya yayılırdı. Ona görə də, Salatın xanımın növbəti xidməti ezamiyyət vaxtı ermənilər tərəfindən qətl edilməsi məqsədyönlü, düşünülmüş bir iş idi. Ancaq həqiqəti, sözü güllələməklə hələ heç kim heç nəyə nail ola bilməyib. Bu gün Salatın Əsgərova rəhmətlə, onu güllələyənlər lənətlə xatırlanır – həmişə də belə olacaq; bu gün Salatın xanımın ruhu şaddır, ölkəmiz qalib ölkədir və düşmən tarixi dərs alıb.
16 dekabrda şəhid jurnalistimizin anadan olmasının 60-cı ildönümü tamam olur. Bəli, o, ən çətin dövrlərdə - informasiya blokadasında olduğumuz, həqiqətlərimizin dünyaya çatdırılmasında böyük problemlər yaşadığımız illərdə Qarabağda baş verənlərlə bağlı həqiqətlərin dünyada geniş yayılması, erməni yalanlarına qarşı mübarizə üçün üçün həyatını qurban verdi.
Mən Salatın xanımı şəxsən tanıyırdım. Sonra tale elə gətirdi ki, onun kiçik yaşlardan anasız böyüyən oğlu Ceyhunla bir kollektivdə çalışdıq. Dövlətimiz və xalqımız hər zaman Milli Qəhrəmanımız Salatın Əsgərovanın xatirəsini uca tutub. Qeyd edim ki, yanvar ayında da Salatın Əsgərovanın erməni qatilləri tərəfindən qətlə yetirilməsinin 30 ili tamam oldu. Salatın Əsgərova şəhid olan zaman o zamanki dövlət rəsmiləri onun qətlə yetirildiyi kəndə Salatın Əsgərovanın adının veriləcəyini və “Salatınkənd” adlanacağını bildirsə də, illər sonra oğlu Ceyhun Əsgərovun araşdırmaları zamanı 1998-ci ildə kəndin adının dəyişdirildiyi, amma Salatınkənd adlandırılmadığı aydın olub. Mən parlamentin plenar iclasındakı çıxışımda da Salatın Əsgərovanın 60 illik yubileyində övladının, bir çox həmkarımızın və ziyalıların xahişini dövlət rəsmilərinə çatdıraraq Milli Qəhrəmanın şəhid olduğu kəndin onun şərəfinə “Salatınkənd” adlandırılmasını, başqa sözlə, adın bərpasını xahiş etdim.
Bu gün Türk ölkə və topluluqlarından olan dəyərli jurnalistlərimiz, ziyalılarımız bizimlə bir yerdədir. Onları, bütün iştirakçıları, onlayn konfransımızın təşkilinə dəstək vermiş hər kəsi bir daha salamlayır, təşəkkür edirəm”!
Sonra, mərkəzi qərargahı Nur-Sultan şəhərində yerləşən Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Füzuli Məcidli, Milli Qəhrəmanın oğlu, tanınmış televiziya jurnalisti Ceyhun Əsgərov, Millət vəkili Arzu Nağıyev, İraq parlamentinin keçmiş üzvü, şair-publisist, ictimai-siyasi xadim Fövzi Əkrəm Tərzioğlu, Səhiyyə Nazirliyinin “Tibb” qəzetinin baş redaktoru, şəhid jurnalistin rəfiqəsi Nigar Cavadova, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Quzey Makedoniyada çıxan “Köprü” aylıq mədəniyyət dərgisinin baş redaktoru Leyla Şərif, Türk jurnalistləri Federasiyasının Özbəkistan üzrə koordinatoru Muazzam İbrahimova, Türkmənistanlı yazar, “Avrasiya Yazarlar Birliyi”nin üzvü Maya Saparova, Qazaxıstanın tanınmış yeni nəsil jurnalisti və yazıçısı Erkinbek Serikbay, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Rəhimoğlu, “Şərq” qəzetinin baş redaktoru, Azərbaycan “Türk Ocaqları”nın başqanı Dr. Akif Aşırlı, RHİM İB sədri Arzu Bağırova, ADPU Quba filialının direktoru Dos.Dr. Yusif Ali Afşar, “Hədəf” milli təhsil brendinin yaradıcısı, “Ustad” dərgisinin qurucu-baş redaktoru Dos.Dr. Şəmil Sadiq, “Mədəniyyət” jurnalının baş redaktoru, Əməkdar mədəniyyət işçisi Zöhrə Əliyeva, Dünya Gənc Türk Yazarlar Birliyi başqanı İntiqam Yaşar çıxış edib. Çıxışçılar şəhid Milli Qəhrəmanın həyat və yaradıcılıq yolu haqqında, Ermənistanın hərbi-siyasi rəhbərliyinin uzun illər boyu dəyişməyən terrorçu xisləti haqqında danışıb; şəhid jurnalisti şəxsən tanıyanlar onun haqqında xatirələrini bölüşüb.
S.Abbasov rəhbərlik etdiyi Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin Salatın Əsgərova adına mükafat təsis etdiyini bildirib.
Türk ölkə və topluluqlarını təmsil edən jurnalistlər Salatın Əsgərovanı yalnız Azərbaycanın deyil, Türk dünyasının şəhid jurnalisti kimi xarakterizə edib.
Çıxışlarda Salatın Əsgərovaya 30 il öncə atılmış güllələrin həqiqətə, sözə, tərəqqiyə, sülhə atıldığı ifadə olunub.
Sonda Q.Paşayeva qapanış nitqi söyləyərək, hər kəsə bir daha təşəkkür edib, səslənən təşəbbüs və təkliflər üçün, o cümlədən F.Ə.Tərzioğlunun Salatın Əsgərovanın həlak olduğu günün bütün dünyada “Şəhid jurnalistlər Günü” olaraq qeyd edilməsi təşəbbüsü üçün minnətdarlığını bildirib.
Q.Paşayeva çıxışlarda səslənən başqa bir məsələnin – vaxtilə Xəzər Dənizində sahilboyu səyahət üçün nəzərdə tutulmuş gəmiyə Salatın Əsgərovanın adının verildiyi, amma son illər o gəminin ya adının dəyişdirildiyi yaxud sıradan çıxması ilə bağlı narahatçılıqlara da reaksiya verərək, müvafiq dövlət orqanlarının bu məsələyə aydınlıq gətirəcəyinə və aradan qaldırılacağına ümid etdiyini bildirib.
Komitə sədri Türk ölkə və topluluqlarını təmsil edən jurnalistlərin öz şəhid həmkarlarının haqqında yerli media orqanlarında çıxış edəcəyinə inandığını vurğulayıb.
16.12.2021