XƏBƏRLƏR 2021
“Vikipediya”da Salatın Əsgərova haqqında özbək dilində bölmə yaradılıb
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Vikipediya Elektron Ensiklopediyasında Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsinin şəhidi Salatın Əsgərova haqqında özbək dilində bölmə yaradılıb.
Azərbaycanın ilk qadın şəhid jurnalisti Salatın Əsgərova 1991-ci il yanvarın 9-da Laçından Şuşaya gedərkən Qaladərəsi kəndi yaxınlığında ermənilər tərəfindən amansızlıqla qətlə yetirilib.
Bölmədə bildirilir ki, Salatın Əsgərova Azərbaycan Neft və Kimya Institutunun (hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirsə də, jurnalistikaya həvəs göstərib. O, 1984-cü ildə müqavilə ilə “Bakı” qəzetinə, 4 il sonra isə “Molodyoj Azerbaydjana” qəzetində işləməyə başlayıb.
Materialda deyilir ki, S. Əsgərovanın yazdığı məqalələr Azərbaycan torpaqlarının bütövlüyü ilə bağlı olub. O vaxtaşırı cəbhə xəttinə gedib, qaynar nöqtələrdən operativ materiallar hazırlayıb. Ailəsi, iş yoldaşları dəfələrlə onun döyüş bölgəsinə getməyinin qarşısını almağa çalışsalar da heç nəyə nail ola bilməyiblər.
Bölmədə vurğulanır ki, S.Əsgərovanın sonuncu yazısı Xocalıdakı xüsusi təyinatlı polis dəstəsinin fəaliyyətindən bəhs edən “Omonçular” məqaləsi olub.
Yazıda Azərbaycan döyüşçülərinin qəhrəmanlığı, igidliyi haqqında ətraflı söhbət açılıb.
Məqalə bu cümlələrlə bitir: ”SSRİ prezidentinin DQMV-də qanunsuz silahlı birləşmələrin tərksilah edilməsi barədə fərmanına əməl olunmursa, respublikamızda prezident idarəçiliyinə nə ehtiyac var? Azərbaycan nəyə görə Mərkəzi rəhbərliyin yeni idarəetmə üsullarının sınaq meydanına çevirilməlidir? Bu suallara mütləq cavab alınmalıdır”.
Vikipediya Ensiklopediyasında yaradılan Salatın Əsgərova haqqında Özbək dilində bölmə ilə bu link vasitəsi ilə tanış olmaq mümkündür.
20.12.2021