XƏBƏRLƏR 2021
Özbəkistanın Qarakalpaqstan Respublikasında yaradılan Hüseyn Cavid adına Azərbaycan ədəbiyyatı Mərkəzində mədəni əməkdaşlıq müzakirə olunub.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Acıniyoz adına Nukus Dövlət Pedaqoji İnstitutunda Hüseyn Cavid adına Azərbaycan ədəbiyyatı Mərkəzində Özbəkistan-Azərbaycan mədəni əlaqələrə dair dəyirmi masa keçirilib.
Tədbir zamanı Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovla onlayn söhbət aparılıb.
2022-ci ildə Azərbaycan Respublikasında ali məktəblərində Nukus Dövlət Pedaqoji İnstitutunun professor-müəllim heyəti, tələbələrinin iştirakı ilə birgə təşkil olunması nəzərdə tutulan elmi-praktik konfranslar, yaradıcılıq görüşləri və ictimai tədbirlərin mövzuları müzakirə edilib.
Görüşdə Azərbaycan, Özbək, Qarakalpaqstan xalqları arasında mədəni əlaqələr, dostluq bağlarının daha da genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi, Qarakalpaqstan gənclərinin Azərbaycan Respublikasının ali məktəblərində təhsil alması, Türk dünyası arasında daha sıx əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Mərkəzin növbəti layihəsi ilə Azərbaycan dilinin onlayn tədrisinin mümkün olacağını və bu məqsədlə gələcəkdə Özbəkistan gənclərinin Azərbaycan dilini daha asan öyrənə biləcəyini qeyd edib.
Müzakirələrdə Özbəkistanın Qarakalpaqstan ədəbiyyatı antologiyası nəşrinin Azərbaycan dilinə tərcüməsi, Hüseyn Cavid əsərlərinin Nukus Dövlət Dram Teatrında səhnələşdirilməsi, xalqlarımızın tanınmış şəxsiyyətlərinin yubileylərinə dair Dostluq konsertlərinin, yaradıcılıq gecələrinin təşkili, təhsil sahəsində mübadilə proqramlarının həyata keçirilməsi və s. məsələlər müzakirə olunub, bu istiqamətdə müvafiq tədbirlər planının hazırlanması razılaşdırılıb.
Tanınmış tarixçi alim, Qarakalpaqstan ziyalısı Şöhrət Barlas, Acıniyoz adına Nukus Dövlət Pedaqoji İnstitutunun müəllimi, İnstitutdakı Hüseyn Cavid adına Azərbaycan ədəbiyyatı Mərkəzinin direktoru Feruza Salamova Azərbaycanla əməkdaşlığın daha da genişləndirilməsi, qarşılıqlı olaraq mədəniyyət, ədəbiyyat günləri, təhsil sərgilərinin keçirilməsi, Azərbaycan təcrübəsinin öyrənilməsi və s. dair təkliflərini səsləndiriblər.
28.12.2021