XƏBƏRLƏR 2021
İşğaldan azad olunmuş Azərbaycan ərazilərində kitabxanaların kitab fondlarının bərpası üçün Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzi qiymətli nəşrlər hədiyyə etdi.
Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu tərəfindən 44 günlük müharibə nəticəsində erməni işğalından azad olunmuş ərazilərimizdə 90-cı illərin əvvəllərinədək fəaliyyət göstərmiş kitabxanaların kitab fondlarının bərpası ilə əlaqədar Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə keçirdiyi kitabtoplama kampaniyasına Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi də qoşulub.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilkin olaraq bu kampaniyanın təşkilini yüksək qiymətləndirərək 16 adda, 34 nüsxə kitabı “İşğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitabtoplama kampaniyası”na bağışlayıb. Nəşrlər Azərbaycan Mədəniyyət Mərkəzinin nümayəndəsi tərəfindən M. F. Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirova təqdim olunub.
Sözügedən nəşrlər arasında Azərbaycan dövlətçiliyi, tarixi, Prezident İlham Əliyevin apardığı uğurlu siyasət, Ulu öndər Heydər Əliyev, ölkəmizin mədəniyyəti, ədəbiyyatı, Ermənistanın Azərbaycana təcavüzü, işğalçılıq siyasəti, milli mədəni irsimizin dağıdılması, saxtalaşdırılması, Azərbaycan-Özbəkistan dostluğuna aid Azərbaycan, Özbək və rus dillərində kitablar yer alır.
Azərbaycan Mədəniyyət Mərkəzindən bildirilmişdir ki, gələcəkdə işğaldan azad olunmuş Azərbaycan ərazilərində kitabxanalarla Özbəkistanın region kitabxanaları arasında əməkdaşlıq genişləndiriləcəkdir.
19.02.2021