Özbəkistanda “Xocalı soyqırımında ölən insanlıq” adlı anım tədbiri keçirilib və cinayəti törədənlərin cəzalandırılmasına dair çağırışlar edilib.
Özbəkistandakı Azərbaycan Səfirliyi, onun nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi, Özbəkistan İslam Müftiliyi ilə birgə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbirdə Özbəkistanda akkreditə olunmuş xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatların təmsilçiləri, tanınmış elm, mədəniyyət, ictimaiyyət nümayəndələri, yerli azərbaycanlılar, din xadimləri, jurnalistlər iştirak ediblər.
İştirakçılar əvvəlcə Azərbaycan Mədəniyyət Mərkəzinin foyesində Xocalı faciəsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kitab və fotoşəkillərdən ibarət sərgi ilə tanış olublar. Soyqırım qurbanlarına həsr olunmuş sərgi – kompozisiya, soyqırım dəhşətlərini, erməni vandallarının həyata keçirdiyi cinayətlər, habelə bu barədə dünyanın aparıcı xəbər agentlikləri, tanınmış şəxslərin fikirlərini əks etdirən xüsusi materiallar nümayiş etdirilmişdir.
Azərbaycan Mədəniyyət Mərkəzinin kurs və dərnəklərinin istedadlı uşaqlarının hazırladığı “Ana harayı” maketinin qarşısında güllərdən hazırlanmış “Xocalı soyqırımını unutmayacağıq” yazı kompozisiyası təqdim edilmiş, bu soyqırımda xüsusi amansızlıqla qətlə yetirilmiş uşaqların adları yazılmış şarlar asılmış, habelə dinc sakinlərin əziz xatirəsinə şamlar yandırılmışdır.
Anım tədbirində giriş sözü ilə çıxış edən Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Xocalı soyqırımı haqqında ətraflı məlumat verib. Səfir deyib ki, 29 il əvvəl - fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalı şəhərini mühasirəyə alıblar. Şəhərdə könüllülər, qocalar, qadınlar, uşaqlar olub. O zaman Qırmızı Xaç Komitəsi və başqa beynəlxalq təşkilatlar vasitəsilə razılıq əldə edilmişdi ki, dinc əhali üçün sülh dəhlizi açılsın və onlar mühasirədən çıxa bilsinlər. Lakin ermənilər dinc əhaliyə bu dəhlizdən istifadə etməyə imkan vermədilər. Erməni silahlıları soyuqqanlılıqla qocaları, qadınları, uşaqları atəşə tutdular. Diplomat Xocalıda qəddarlıqla öldürülən insanlar, yaralananlar və itkin düşənlərin sayı haqqında da məlumat verib.
Hüseyn Quliyev deyib ki, britaniyalı jurnalist Tomas de Vaalın “Xocalıda nə baş verib” sualına Ermənistanın sabiq prezidenti, Xocalı canilərindən biri Serj Sarkisyan lovğalıqla belə cavab verib: “Xocalıya qədər azərbaycanlılar elə bilirdilər ki, bizimlə zarafat etmək olar, arxayın idilər ki, ermənilər dinc əhaliyə əl qaldırmazlar. Lakin biz bu stereotipi sındırmağı bacardıq. Bax, orada bu baş verib”.
Səfir qeyd edib ki, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xocalı soyqırımını rəsmi şəkildə tanıyıb və faciənin XX əsrin dəhşətli cinayətləri olan Xatın, Xirosima, Naqasaki, Sonqmi və Holokost soyqırımları ilə bir sırada dayandığını bəyan edib. Hazırda Pakistan, Meksika, Kolumbiya, Çexiya, Rumıniya, Bosniya və Herseqovina, İordaniya, Panama, Sudan, Peru, Honduras kimi dövlətlərin parlamentləri və Amerika Birləşmiş Ştatlarının 22 ştatı Xocalı soyqırımını tanıyıb.
Özbəkistan Müsəlmanları idarəsi sədrinin müavini İbrahim Hacı İnamov və “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov Xocalı soyqırımı və erməni təcavüzü barədə düşüncələrini bölüşüb, zaman-zaman Ermənistanın işğalçılıq siyasətindən söhbət açıblar, Ermənistan silahlı qüvvələrinin Xocalıda azərbaycanlılara qarşı həyata keçirdiyi kütləvi qırğının soyqırım olduğunu vurğulayıblar.
Anım tədbirində nümayiş etdirilən videomaterialda münaqişənin başlanması, Ermənistanın Azərbaycan torpaqlarının işğalı, şəhər və kəndlərimizin, mədəni, dini abidələrimizin barbarcasına dağıdılması, məhv edilməsi, Xocalı soyqırımı, erməni işğalının ağır nəticələri, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın şanlı Ordusunun apardığı zəfər müharibəsi, Vətən torpaqlarının azad olunması, ziyarətgahlar, məscidlər, dini və mədəni abidələrin azad edilməsi və onların hazırkı vəziyyəti təqdim olunub.
Qeyd edək ki, tədbir çərçivəsində Azərbaycan Mədəniyyət Mərkəzində Özbəkistan İslam Müftisi tərəfindən şəhidlərin əziz xatirəsinə quran və dualar oxunmuş, Azərbaycan dövləti adından Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə ehsan verilmişdir.
25.02.2021