Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2021

  • bg1
  • bg2
  • bg3
1 2 3
html5 slider by WOWSlider.com v8.8

Xocalı faciəsində dair “Mələklərin soyqırımı” adlı poema Azərbaycan və Özbək dilində çap olundu.


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycanlı şair Oqtay İsmayıllının “Mələklərin soyqırımı” adlı əsəri Azərbaycan və Özbək dilində işıq üzü görüb.

Poemada “Ulu mədəniyyət beşiyi”, “Xocalıya aparan yol”, “azərbaycanlı və erməni ananın tərbiyəsi”, “Qiyamətin başlanğıcı”, “Təpəgözün doğulması”, “Məhşər: 26 fevral 1992”, “Öz soyunu lənətləyən əsgər”, “Babəkin ikinci edamı”, “Sızıldayan qar topası”, “Ailə rekviyemi”, “Zəncirlənmiş uşaq”, “Xocalı səmasında ruhların söhbəti”, “İlahiyə kitab”, “İblisin kitabı”, “Gülüstan torpağını qan yudu”, “Bütün qohumlarını itirmiş Xocalı sakinini elegiyası”, “Zamanın çağırışı”, “Birlik himni”, “Xocalıya and içirəm” adlı hissələrdə tarixən Azərbaycan, Türk millətinə qarşı ermənilərin nifrət aşılaması, tarixi Azərbaycan torpaqlarına iddiaları, təcavüz, şəhər və kəndlərimizin, mədəni, dini abidələrimizin barbarcasına dağıdılması, məhv edilməsi, 26 fevral 1992-ci ildə Azərbaycanın Xocalı şəhərinin erməni təcavüzkarları tərəfindən yer üzündən silinməsi, Xocalıda məsum dinc sakinləri, uşaqları, qocaları, qadınların xüsusi amansızlıqla məhv edilməsi öz əksini tapmışdır.

Əsərdə Xocalı soyqırımının bütün dəhşətləri, erməni millətçiləri tərəfindən insanlığa qarşı həyata keçirilən qətliam kimi təqdim olunur, soyqırımın iştirakçıları, əlləri Azərbaycan xalqının qanına batan Xocalı canilərinin obrazı yaradılmış, bu soyqırımın bütöv bir insanlığa qarşı cinayət olduğu qeyd olunur.

Qeyd edək ki, “Mələklərin soyqırımı” adlı poema Özbəkistandaklı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən elan olunan “Qarabağ Azərbaycan mədəniyyətinin beşiyidir” layihəsi çərçivəsində elan olunan “Hər anımız Vətən desin!” adlı şeir müsabiqəsinə təqdim edilmiş və əsər müsabiqənin qalibi seçilərək xüsusi mükafata layiq görülmüşdür.

Poema Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə özbək dilinə tərcümə edilərək ikidilli nəşr kimi çap olunmuşdur. Poemanı Özbək dilinə tərcüməçi Raxmat Babacan çevirmişdir.

Bir il müddətində yazılmış əsər tamamlanan ay (may, 2020-ci il) müəllif Oqtay İsmayıllı dünyadan köçmüşdür.

Poemaya “Ön söz” yazan Özbəkistandaklı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov “Mələklərin soyqırım”ı adlı bu poemanın erməni işğalı, xalqımıza qarşı tarixən törədilmiş qanlı qətliamları, soyqırımları unutmamaq, ədəbiyyatın, poeziyanın dili ilə insanlarımıza, dünyaya çatdırmaq üçün gözəl bir əsər kimi dəyərləndirir.

S. Abbasov müəllif O. İsmayıllının Azərbaycan Ordusunun işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda apardığı 44 günlük Vətən müharibəsini, əldə etdiyimiz qələbəni, Xocalıda əlləri o, məsum insanlarımızın qanlarına batan, onları xüsusi amansızlıqla qətlə yetirən erməni cəlladlarının, işğalçı Ermənistan ordusunun öz cəzasına çatmasına, darmadağın edilərək torpaqlarımızdan qovulmasını görməməsindən təəssüflə qeyd edərək, Xocalı soyqırımı haqqında poema yaradan, onu dünyaya çatdıran və bu əsərlə ölməzlik qazanan Oqtay İsmayıllının ruhu şad olduğunu qeyd edib.

O, “Mələklərin soyqırımı” adlı poemanın Azərbaycanda, Özbəkistanda, başqa ölkələrdə yüksək səviyyədə qarşılanacağına inandığını bildirib.
O, müəllifin arzusu olaraq nəşrin gələcəkdə işğaldan azad olunmuş Qarabağda təqdimatının keçiriləcəyini bildirib.

Mələk xislətli insan...
Mən, Oqtay müəllimi ilk dəfə onun yaradıcılığı, yaratdığı əsər ilə tanıdım. Belə ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində 2019-cu ildə “Nəsimi ili” münasibətilə özbək və Azərbaycan şairləri arasında şeir müsabiqəsi elan etmişdik. Hər iki ölkənin ədəbiyyatşünasları, şer və qələm ustadlarından ibarət müsabiqə komissiyasının ünvanına hər gün onlarla poeziya nümunələri daxil olurdu. Bunların içərisindən bütün komissiya üzvləri də daxil olmaqla şəxsən mənim də diqqətimi böyük Azərbaycan şairi İmadəddin Nəsimi yaradıcılığını xüsusi heyranlıqla özündə əks etdirən “Oqtay İsmayıllı” imzalı bu şeir cəlb etdi. Bu şeirlə ilk tanışlığımdan sonra Oqtay İsmayıllı yaradıcılığı ilə daha da yaxından tanış olmağa başladım. Özünü Nəsimi şagirdi adlandıran Oqtay İsmayıllı şeirləri həqiqətən də Nəsimi poetikasından, Nəsimi irfanından, Nəsimi şeriyyətinin əsrarəngiz çalarlarından, Nəsimi şeriyyətinin pünhanından öz nəsibini almışdı....

Oqtay İsmayıllının müsabiqəyə təqdim etdiyi şer münsiflərin yekdil qərarı ilə birinci yerə layiq görüldü və biz Oqtay müəllimi həmin il Özbəkistan Elmlər Akademiyası ilə birgə tərəfimizdən təşkil olunmuş beynəlxalq Nəsimi konfransına dəvət etdik. Konfrans öncəsi müsabiqə iştirakçılarının mükafatlandırılması, onlara müsabiqə diplomlarının verilməsi ilə əlaqədar Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində təşkil etdiyimiz tədbirdə Oqtay müəllimlə ilk görüşümüz oldu. Sadə, təvazökar, saf bir insan olan Oqtay müəllim elə ilk görüşdə məndə böyük müsbət təəssürat yaratdı...

Vətənə qayıtdıqdan sonra da mən mütəmadi olaraq Oqtay müəllimlə əlaqə saxlayırdım. Aramızda səmimi bir dostluq münasibəti yarandı. Əlamətdar günlərdə, bayramlarda yazışır, xoş arzu və niyyətlərimizi bir-birimizə çatdırırdıq. Doğrusu mənə əsas maraqlı gələn bu cür istedadlı və ziyalı insanın necə səmimi və təvazökar olması idi. Yazışmalarımızın əsas mövzusu isə çox vaxt Vətən, xalq, işğal olunmuş torpaqlarımız və tarix boyu düşmənlərimiz tərəfindən başımıza gətirilən müsibətlər, faciələr olurdu. Bu mövzular hər bir Azərbaycan övladı kimi mənim də ürəyimin ən yaralı yeri olduğu üçün Oqtay müəllimdən daha çox bu mövzuları ehtiva edən əsərlər ortaya qoymağı xahiş edirdim. Çünki onun yaradıcılığı ilə tanış olarkən bu mövzularda qələmə aldığı onlarla şeirə rast gəlmişdim. Bu səpkidən olan söhbətlərimizin bir əsnasında Oqtay müəllimdən Xocalı soyqırımına aid bir poema qələmə almağı xahiş etdim və təklif etdim ki, bu poemanı iki dildə, özbək dilinə də tərcümə etdirib nəşr edərik. Xocalı soyqırımına aid həm Azərbaycanda, həm də dünyada çox tədbirlər, aksiyalar keçirdik və bugün də bu iş uğurla davam edir. Amma bu soyqırımın dəhşətlərini özündə əks etdirən əsər, poema, bədii filmin daha təsirli olaraq hədəflərə çatacağına nədənsə içimdə çox böyük ümid var.

Lakin ilk olaraq Oqtay müəllim mənim təklifimi qəbul etməyərək belə bir ağır, məsuliyyətli əsərin yaradılmasının onun üçün çətin olacağını, özündə güc tapacağına şübhəsi olduğunu söylədi və mənə yazdı (burada bir şeyi də qeyd etmək istəyirəm ki, Oqtay müəllimlə olan bütün yazışmaları mən hələ də qoruyub saxlayıram):

“Ey işıq dolu insan... Allah Sizi qorusun! Var olun dəstək təklifinizə görə. Bundan yuxarı şərəf olmazdı ki, mənə qazandırdınız və mənə bucür etimad göstərərək belə vacib və müqəddəs mövzuda əsər yaratmağımı istədiniz! Qarabağla bağlı bir sıra yazılarım var. Amma Siz deyən mövzuda əsər yaratmaq haqqında bir neçə dəfə düşünsəm də, az qala infarkt olmuşam. Dərhal dəhşətə gəlirəm. Bilmirəm, bu əsəri yaratmaqda özümdə güc tapa bilərəmmi..?”

Mən isə Oqtay müəllimin şairlik istedadına, sadə bir kənd müəlliminin nə qədər böyük, duyğu yüklü bir ürəyə sahib olduğuna inanırdım və içimdən bir hiss mənə təlqin edirdi ki, bir az da israr etsəm və Oqtay müəllimi razı sala biləcəm və bununla da Azərbaycanın Xocalı qəsəbəsində erməni vandalları tərəfindən min bir işgəncə ilə qətlə yetirilən o, məsum insanların, günahsız uşaqlarımızın ruhları qarşısında az da olsa rahatlıq tapa biləcəyik.

Buna görə də Oqtay müəllimə belə bir cümlə yazdım: “Hörmətli Oqtay müəllim, məncə bu əsəri yaratmaqla Siz o, qanlı qətliamda qurtuluş və dəstək uman və bundan məhrum olan o, məsum körpələrimizin, insanlarımızın ruhunu şad edəcəksiniz. O, faciə gecəsi Xocalıdan qaçıb canını o vəhşi, qana susamış düşməndən qurtarmağa çalışan dinc insanların başlarına gətirilmiş min bir dəhşəti, körpələrin, qocaların, amansıszlıqla öldürülməsini, əsir düşən analarımızın, bacılarımızın fəryadını, göz yaşlarını, Zəngilandan erməni işğalçılarından qurtulmaq üçün körpəsini belinə sarıyan və özünü Araz çayına vuran, o biri sahilə çıxarkən isə çayın dəli sularının onun yavrusunu özü də hiss etmədən aparmasını, bütün bu ağrıları, məşəqqətləri dünyaya kim çatdırmalıdır? Əlbəttə ki, bizlər. Birimiz məmur olaraq, birimiz diplomat olaraq, kimimiz şair, kimimiz jurnalist, kimimiz isə o cəhənnəmi yaşayan canlı şahid olaraq...

Və bu yazımdan sonra Oqtay müəllimdən bir gün belə bir cavab aldım: “Əzizimiz Samir müəllim! Sizin “Xocalı” mövzusunda təklif etdiyiniz yazı haqqında çox düşündüm və qərara gəldim ki, bunu ancaq panoram poema kimi yazmaq olar. Artıq işə başladım. Hələlik ən azı 40-50 parça və mənzum hekayə kimi planlaşdırdığım bu yazı həyatımın, bütün bacarığımın və mənə Allah lütfünün yekunu olacaq. Belə yazını bir neçə aya ortaya çıxarmaq mümkün deyil. Qalan ömrüm boyu bu əsərin üzərində işləyəcəyəm. Əsəri bütövlükdə, yəni düşündüyüm şəkildə təqdim etmək ən azı bir ilin işi olacaq. Amma əvvələ, orta hissələrə, sona aid yazdığım bəzi parçaları Sizə yeni ilin əvvəlində göndərəcəyəm. İstəmirəm ki, Sizin uğurlarla dolu olan bu ilinizə kədər kölgəsi salam!

Mən ömrümə sonunda indiyədək toxunmağa qorxduğum, məni həmişə dəhşətə gətirən bu yazı ilə vurmaq qərarına gəldim. Sizin hər bir qeydiniz, təklifiniz mənə kömək olacaq. Sizi Həmrəylik Günümüz və Yeni il münasibətilə ürəkdən təbrik edir və zirvələrə doğru hər gün bir addım atmağınızı arzu edirəm! Siz var olduğunuz üçün mən var oldum. Sizinlə bağlı fikirlərimi Şahməmmədlə müsahibəmdə xarakterizə etmişəm (“İsmayıllı xəbərləri” adlı rayon qəzetində dərc olundu və “Xəzan” jurnalında da verilməlidir). Adi kənd müəlliminin bundan artığına gücü çatmaz. Amma çox xahiş edirəm ki, bu minnətdarlıq göndərəcəyim ilk yazılara aid fikrinizin obyektivliyinə heç bir təsir göstərməsin. Sizin əqidə qardaşınız Oqtay İsmayıllı. 28 dekabr 2019-cu il”.
Nə böyük təvazökarlıq...

Xocalı soyqırımını bizim xalqın şüurunda, yaddaşında necə dərin bir iz buraxdığını hər ikimiz çox yaxşı dərk edirdik və hər ikimizin də ürəyi bu soyqırımın ağrısına, acısına çox çətinliklə tap gətirirdi. Amma deyəsən Oqtay müəllimin ürəyi tap gətirmədi...

Əsəri yazarkən Oqtay müəllim dəfələrlə mənimlə danışanda qəlbində qorxu və həyəcan olduğunu söyləyir, birdən ömür vəfa etməz və o, bu əsəri tamamlaya bilməməsindən narahatçılığını bildirirdi. Ürəyimə danmışdı ki, bu əsərlə bir tarix yazılır və biz də bu acı tarixin bir hissəsi olacağıq. Oqtay müəllim sözünün üstündə durdu, bu poemanı bitirib bizə təqdim etdi. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən elan olunan “Qarabağ Azərbaycan mədəniyyətinin beşiyidir” layihəsi çərçivəsində təşkil olunan “Hər anımız Vətən desin!” şeir müsabiqəsinə bu poemanı təqdim etdik.

O şahiddir bəndələrin yer üzünə gəlişinə,
İnsanın ilk kədərinə, sevincinə, gülüşünə,
İlk körpənin doğulduğu nurlu günə.
Məskənidir əkinçinin, sənətkarın, ilk şairin,
Qafqaz onun dili ilə danışıbdır şirin-şirin.
Azərbaycan adicə bir məkan deyil,
elm, sənət beşiyidir,
əxlaq, hikmət beşiyidir.
Tarixlərin damarında axan qandır,
Minillərin idrak, bilik qızılından yük götürən,
Qədirbilən insanlığa pay gətirən bir karvandır.
Dünyamızın bədənində Azərbaycan ruh kimidir,
Sonzuz zaman dənizində üzüb gedən bir gəmidir.
Cənnətin bir parçasıdır, bağışlayıb Allah Yerə.
Milyon illər bundan əvvəl
Azıx açıb qucağını Qafqazda ilk nəsillərə.
Azərbaycan ən aşkar bir həqiqətdir, deyildir sirr,
İki qitə arasında yandırılmış
mədəniyyət məşəlidir.
Sonrakı mərhələdə isə müsabiqədə yer tutan və xüsusi seçilən özbək və azərbaycanca olan şeirləri “Qarabağ Azərbaycandır!” adlı şeir toplusunda çap etməyi də planlaşdırmışdıq.

Təbii olaraq Oqtay İsmayıllının müsabiqəyə təqdim olunan “Mələklərin soyqırımı” adlı poeması münsiflər heyəti tərəfindən yekdilliklə yüksək qiymətləndirildi və birinci yerə layiq görüldü. Poemanın həcmcə geniş olduğunu nəzərə alaraq onu ayrıca özbək dilinə tərcümə edərək nəşr olunma ideyası yarandıqdan sonra bu gün əlinizdə olan bu kitab ərsəyə gəldi.

Qəlbi dünya kimi açıq, gen idin,
Səhərə ümidlə nikbin, şən idin.
Ən gözəl şəhərin biri sən idin,
Çevrildin bir dağlıq daşa, Xocalı!

Səninlə edildi dünyamız viran,
Özündən böyükdür qaysaqsız yaran.
Yadda sənsən ancaq hər saat, hər an,
Az qalır ağlımız çaşa, Xocalı!

Bu gün and içirəm saf vicdanımla:
Təzə bir can verib bax bu canımla,
Mən dirildəcəyəm səni qanımla,
Son sözüm olacaq: “Yaşa, Xocalı!”.

Amma təəssüf ki, bütün bunları Oqtay müəllim görmədi, onun Vətən, xalq, millət eşqi ilə döyünən ürəyi ötən ilin may ayında qəflətən durdu... Mələk üzlü, mələk xislətli insan “Mələklərin soyqırım” poemasını bizə ərməğan edib bu dünyadan köçdü... Sanki Oqtay müəllim bu əsəri gözləyirmiş kimi, əsər tamamlanandan az sonra əbədi olaraq bu dünyaya gözlərini yumdu.

Sənə qarşı durmağa bir ordunun yox həddi,
Marş, ayağın altında sınsın düşmənin qəddi!
Alver mövzusu deyil Azərbaycan sərhədi.
Vaxt yetişdi, düşmənə tut tarixi divanı,
Tanrı özü veribdir sənin xeyir-duanı!

Əsdir zəlzələ kimi cəbhə boyu torpağı,
Cəhənnəmdən gəlsin qoy iblislərin sorağı.
Yansın sənin əlinlə Qarabağın çırağı.
Atəş, atəş, atəş aç yüz-yüz vulkan zəhmimlə,
Yar düşmən ürəyini cəhənnəmin vəhminlə!

O, Azərbaycan Ordusunun işğal olunmuş ana torpaqlarımızın azadlığı uğrunda apardığı 44 günlük Vətən müharibəsini, əldə etdiyimiz qələbəni, Xocalıda o, məsum insanlarımıza işgəncə verən, onları xüsusi amansızlıqla qətlə yetirən erməni cəlladlarının, işğalçı Ermənistan ordusunun necə cəzalarına çatmalarını, darmadağın edilərək torpaqlarımızdan qovulmasını görmədi. Amma indi Xocalı soyqırımı haqqında poema yaradan, onu dünyaya çatdıran və bu əsərlə ölməzlik qazanan “sonuncu Nəsimi şagirdi” - Oqtay İsmayıllının əziz ruhu şaddır.
İnanıram ki, “Mələklərin soyqırım”ı adlı bu poema erməni işğalı, xalqımıza qarşı tarixən törədilmiş qanlı qətliamları, soyqırımları unutmamaq, ədəbiyyatın, poeziyanın dili ilə insanlarımıza, dünyaya çatdırmaq üçün əvəzsiz bir əsər kimi Azərbaycanda, Özbəkistanda və başqa ölkələrdə yüksək qarşılanacaqdır.


25.02.2021

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası