XƏBƏRLƏR 2021
Azərbaycan Mədəniyyət Mərkəzi qadınlar günü münasibəti ilə Daşkənddə keçirilən tədbirlərdə iştirak edib
Daşkənddəki İrriqasiya Mühəndisləri və Kənd Təsərrüfatının Mexanikləşdirilməsi Universitetində 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən bayram şənliyində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi də iştirak edib.
Tədbiri iqtisadiyyat fakültəsinin dekanı, dosent Raşid Kadırov açaraq qadınları təbrik edib, cəmiyyətdə qadınların rolundan danışıb.
Azərbaycan Mədəniyyət Mərkəzin direktorunun müavini Polad Zeynalov qadınları təbrik edərək bildirib ki, 1998-ci ildə Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Azərbaycan Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur. Ölkəmiz BMT-nin qadın məsələləri üzrə komissiyasının tamhüquqlu üzvüdür. 1995-ci ildə isə Azərbaycan qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyaya qoşulub.
Universitetin müəllimi Rano Kadırova Özbəkistanda yaşayan qadınların ictimai işlərdə fəal olduqlarını diqqətə çatdırıb, bayramın tarixi haqqında məlumat verib.
Konsert proqramında Mədəniyyət Mərkəzinin “Azərbaycan qızları” rəqs ansamblının üzvləri bir-birindən gözəl rəqslərimizi ifa ediblər.
“Azərbaycan qızları” rəqs ansamblı bu bayram münasibəti ilə Daşkənddəki Dəmiryol Mühəndisləri Universitetində keçirilən tədbirin də iştirakçısı olub.
08.03.2021