XƏBƏRLƏR 2021
Özbəkistan İslam Akademiyasında “Azərbaycan və özbək xalqlarına məxsus milli dəyərlər” mövzusunda onlayn konfrans keçirilib.
Tədbirdə ölkəmizi Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Polad Zeynalov, Azərbaycan Milli Elimlər Akademiyasnın Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru Almaz Ülvi Binnətova, həmin şöbənin əməkdaşı Şəbnəm Babayeva təmsil edib.
Tədbiri universitetin müəllimi, dosent Ziba Qasımova açaraq Azərbaycan və özbək xalqlarına məxsus milli dəyərlər haqqında məlumat verib.
Polad Zeynalov son illərdə Mədəniyyət Mərkəzinin həyata keçirdiyi layihələr, Daşkənddə Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə özbək dilində çap olunan Azərbaycan ədəbiyyatı nümunələri haqqında söhbət açıb.
Konfransda Almaz Ülvi Binnətovanın “Azərbaycanda Novruz bayramı”, Şəbnəm Babayevanın “Abdulla Qədirinin “Ötən günlər” əsərində milli xüsusiyyətlər”, Marxuba Mirqasımovanın “Azərbaycan və özbək ədəbiyyatı nümunələrində milli dəyərlər”, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetindəki Füzuli adına Elmi Tədqiqat Mərkəzinin rəhbəri, dosent Gülbahar Aşurovanın “Müstəqillik dövründə Özbəkistan-Azərbaycan ədəbi əlaqələri” mövzularında məruzələri dinlənilib.
21.04.2021