XƏBƏRLƏR 2021
Özbəkistanın Xalq artisti Batır Zakirovun 85 illik yubileyində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi də iştirak edib
Özbəkistanın Xalq artisti Batır Zakirovun 85 illik yubileyində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi də iştirak edib.
Daşkənddəki “Turan” Kitabxana-İnformasiya Mərkəzinin Zəngiata rayon şöbəsi ilə birgə təşkil etdiyi tədbirdə Özbəkistanın mədəniyyət və incəsənət xadimləri, Azərbaycan Mədəniyyət Mərkəzinin nümayəndələri, jurnalistlər iştirak ediblər.
Zəngiata rayon hakiminin müavini Sirojiddin Nasirov və “Mədəniyyət və Mərifət” təşkilatının rəhbəri Munojat Nurmatova iştirakçıları salamlayıb, Batır Zakirovun Özbəkistan estrada musiqisinin inkişafındakı xidmətlərindən danışıblar.
Özbəkistanın Xalq artisti, Batır Zakirovun qardaşı Fərrux Zakirov qardaşına olan ümumxalq sevgisindən danışıb. O deyib ki, Batır Zakirov ancaq Özbəkistanda deyil, keçmiş SSRİ məkanında da çox sevilib. Bildirib ki, Batır Zakirov müğənni olmaqla yanaşı aktyor, yazıçı, rəssam və tərcüməçi kimi də tanınıb.
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktorunun müavini Polad Zeynalov deyib ki, Batır Zakirov Azərbaycanda da çox sevilib. Batır Zakirov dəfələrlə Bakıda qastrol səfərində olub, Azərbaycan mahnılarını məharətlə ifa edib. “Sənsiz” romansını, “Küçələrə su səpmişəm” və digər mahnıları sevə-sevə ifa edib.
26.04.2021