XƏBƏRLƏR 2021
Özbək tələbələri Azərbaycan Mədəniyyət Mərkəzində dahi şair Nizami Gəncəvinin əsərləri ilə tanış olublar.
Daşkənd Dövlət Stomatologiya İnstitutunun tələbələri “Nizami Gəncəvi İli” ilə bağlı Azərbaycan Mədəniyyət Mərkəzindəki “Nizami Gəncəvinin humanist ideyaları və bunun gənc nəslin tərbiyəsindəki rolu” adlı tədbirdə iştirak ediblər.
Əvvəl tələbələr mərkəzin foyesində dahi Nizami Gəncəviyə həsr olunmuş kitab və fotosərgiləri ilə tanış olublar. Sərgidə Nizami Gəncəvi şəxsiyyəti, şairin yaradıcılığı, hikmətli sözləri, habelə ölkəmizə dair maraqlı kitablar nümayiş etdirilir.
Sonra onlar Heydər Əliyev Muzeyi, Azərbaycan Dövlətçilik Tarixi Muzeyi, Xalça Muzeyinə baxıblar.
Mərkəzin əməkdaşı Heydər Əliyev Muzeyində Azərbaycan-Özbəkistan dostluğundan danışıb, bu dostluğun möhkəmlənməsində, xalqlarımız arasında əlaqələrin inkişafında tələbələrin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. O, gənclərin elm və biliklərə yiyələnmələrinin vacibliyini vurğulayıb, Azərbaycan dövlətinin, Heydər Əliyev Fondunun fəaliyyəti haqqında söhbət açıb.
Mərkəzin kitabxanasında açıq dərs keçirilib, Nizami Gəncəvinin həyat və yaradıcılığı, Azərbaycanda “Nizami Gəncəvi İli” ilə əlaqədar keçirilən tədbirlər haqqında məlumat verilib. Bildirilib ki, Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Nizami Gəncəvinin “Xəmsə”si özbək dilində nəfis tərtibatla çap olunub.
Tələbələr Nizami Gəncəvinin əsərlərindən parçalar söyləyib.
Gənclərə Azərbaycanın 44 günlük Vətən müharibəsi və Silahlı Qüvvələrimizin qələbəsi haqqında da məlumat verilib.
30.04.2021