XƏBƏRLƏR 2021
Özbəkistanın Daşkənd və Səmərqənd şəhərlərində “Nizami Gəncəvi və Əlişir Nəvai ədəbiyyat və sənət günləri” keçiriləcəkdir.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə cari il 30 may – 3 iyun tarixlərində Daşkənd və Səmərqənd şəhərlərində “Nizami Gəncəvi və
Əlişir Nəvai ədəbiyyat və sənət günləri” keçiriləcəkdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2021–ci ilin
“Nizami Gəncəvi ili" elan olunması, dahi şairin 880 illiyi, habelə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin böyük söz ustadı “Əlişir Nəvainin 580 illiyinin geniş qeyd olunması haqqında” Sərəncamı ilə əlaqədar Azərbaycan Mədəniyyət Mərkəzi il ərzində Özbəkistanda silsilə tədbirlərin keçirilməsini nəzərdə tutub.
Tədbirlərə Azərbaycan və Özbəkistanın mədəniyyət nazirlikləri, Özbəkistan Yazıçılar Birliyi, Azərbaycanın Özbəkistandakı səfirliyi, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti, Əbu Rayhon Beruni adına Özbəkistan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu, Səmərqənd Vilayət Hakimiyyəti, Özbəkistan Dövlət Filarmoniyası dəstək göstərir.
Cari il 30 may tarixində "Nizami Gəncəvi və Əlişir Nəvai ədəbiyyat və sənət günləri"nə start veriləcək, Əlişir Nəvai adına Dövlət Ədəbiyyat Muzeyində Azərbaycanlı türkoloq alim, professor Ramiz Əskərin Azərbaycan dilinə tərcümə etdiyi böyük Özbək şairi Əlişir Nəvainin “Xəmsə” əsərinin təqdimat mərasimi keçiriləcəkdir.
31 may tarixində isə Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində "Nizami Gəncəvi və Əlişir Nəvai yaradıcılığı - Türk dünyasının qürur mənbəyi, dünya ədəbiyyatının zirvəsidir" adlı beynəlxalq konfrans işə başlayacaqdır. Konfransda Azərbaycan və Türkiyədən Nizamişünas alimlərin də iştirakı nəzərdə tutulub.
Cari ilin 1 iyun tarixində Özbəkistan Milli Elmlər Akademiyasının Əbu Rayhan Beruni adına Şərqşünaslıq İnstitutunda Nizami Gəncəvi və Əlişir Nəvai əsərləri miniaturlarda” adlı sərginin açılışı olacaq, habelə dahi Nizami Gəncəvinin Özbək dilinə ilk dəfə olaraq tərcümə olunmuş “Xəmsə” əsərinin təqdimatı nəzərdə tutulub.
Cari ilin 2 iyun tarixində Özbəkistanın tarixi Səmərqənd şəhərindəki Hamid Olimcan adına Dövlət Musiqili Dram Teatrının qarşısında açıq havada "Nizami Gəncəvi və Əlişir Nəvai – dostluğumuzun və ədəbi əlaqələrimizin zirvəsi" adlı dostluq konserti keçiriləcəkdir.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru, Azərbaycanın əməkdar artisti Eyyub Quliyevin rəhbərliyi ilə Özbəkistan Milli Simfonik Orkestri dahi Nizami Gəncəvi və Əlişir Nəvai əsərlərindən ibarət konsert proqramı ilə çıxış edəcəkdir. Konsert proqramında Özbəkistanın tanınmış solistləri, xalq artistləri Avaz Racabov, Ramiz Usmanov və beynəlxalq müsabiqələr laureatı, “Nixol” Dövlət mükafatçısı Gülnara Adjanova dahi Nizami Gəncəvinin və Əlişir Nəvainin əsərlərini ifa edəcəklər.
Keçirilən tədbirlər çərçivəsində Səmərqənd Dövlət Universitetində Özbəkistandakı
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə hazırlanmış və Azərbaycan-Özbəkistan dostluğuna həsr olunmuş “Oltin koprik: Qızıl körpü” sənədli filminin nümayişi nəzərdə tutulub.
"Nizami Gəncəvi və Əlişir Nəvai ədəbiyyat və sənət günləri" çərçivəsində Özbəkistanın aparıcı kitabxanalarına Nizami Gəncəvinin Özbək dilinə tərcümə olunmuş “Xəmsə” kitabı, habelə şairin yaradıcılığına dair kitablar hədiyyə olunacaqdır.
03.05.2021