XƏBƏRLƏR 2021
Özbəkistanda Vətən müharibəsi şəhidlərinin abidə kompleksinin açılışı olub.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Mərkəzin həyətində yeni bağ salınmış və bağda Vətən müharibəsi şəhidlərinə həsr edilmiş abidə kompleksinin yaradılmışdır.
“Şəhidlər bağı” adlanan ərazi tamamilə yenidən qurulmuş, çoxsaylı ağaclar və gül kolları əkilmiş, ərazi abadlaşdırılmış və yaşıllaşdırma, dizayn işləri aparılmışdır.
Açılış mərasimində Azərbaycanın Özbəkistandakı səfirliyi, Azərbaycan Mədəniyyət Mərkəzi, "Özbəkistan-Azərbaycan" Dostluq Cəmiyyəti, elm, mədəniyyət, ictimaiyyət nümayəndələri, yerli azərbaycanlılar, jurnalistlər iştirak etmişlər.
İlk öncə Vətən müharibəsi şəhidlərinə həsr olunmuş “Xarı bülbül” abidə kompleksinin açılışı olub.
Giriş sözü ilə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxış edərək, bağın yaradılmasının əsas məqsədi Vətən torpaqlarının azadlığı uğrunda canlarını fəda edən şəhidlərin xatirəsini əbədiləşdirmək, Azərbaycan Mədəniyyət Mərkəzini ziyarət edən hər kəsin onlar haqqında məlumatlandırmaq, gənc nəsildə, yerli azərbaycanlılarda Vətənə məhəbbət, qəhrəmanlıq hislərini aşılamaq olduğunu söyləyib.
Diplomat Ali baş komandan, müzəffər ordumuzun əldə etdiyi tarixi qələbə barədə danışaraq artıq yurd yerlərimizin öz azadlığına qovuşduğunu söyləyib. O, rəşadətli ordumuzun 30 illik əsarətdə olan ərazilərimizi 2 ay ərzində tam azad etməklə Azərbaycanın möhtəşəm və şanlı zəfər tarixi yazdığını qeyd edib. S. Abbasov şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsinin daim dövlətimizin diqqətində olduğunu və onların xalqımızın qəlbində əbədi yaşayacağını bildirib.
Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov Azərbaycan-Özbəkistan dostluğundan danışmış, Azərbaycanın haqq işində Özbəkistanın daim Azərbaycanın yanında olduğunu bildirib. O, Vətən müharibəsi illərində Azərbaycan Mədəniyyət Mərkəzi ilə sıx təmasda olaraq hər gün qardaş ölkə ilə maraqlandıqlarını, Özbəkistanın tanınmış ictimaiyyət nümayəndələri video müraciətlər edərək Azərbaycanla həmrəy olduqlarını bildirib. Ölkələrinin həm ikitərəfli, həm də Türk Şurası çərçivəsində Azərbaycanın öz torpaqlarını azad etməsi, ədaləti bərpa etməsinə dəstək ifadə etdiyini söyləyib. O, qəhrəman oğullarımızın, şəhidlərimizin qanları ilə Vətən torpaqlarının toxunulmazlığı, müstəqilliyimizin möhkəmlənməsinin təmin olunduğunu qeyd edərək, onların ruhu qarşısında baş əydiyini bildirdi.
Özbəkistan jurnalistlər Birliyinin katibi, əməkdar jurnalist Karim Baxriyev, Turizm və İdman Nazirliyinin nümayəndəsi Anvar Yusipov dili, mədəniyyəti, soykökü yaxın olan qardaş Azərbaycanın əldə etdiyi zəfər münasibəti ilə xalqımızı təbrik etmişlər. Çıxışçılar 30 ilə yaxındır davam edən haqsızlığa, işğala son qoyan qəhrəman öndər, Ali Baş Komandan İlham Əliyevin, Azərbaycan ordusunun zəfərinin Özbəkistanda da böyük rəğbətlə qarşılandığını qeyd etdilər, Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən yaradılan “Şəhidlər bağı” və abidə kompleksini yüksək qiymətləndirdilər.
Mədəniyyət Mərkəzinin həyətində “Qızıl hərflərlə yazılan zəfər” adlı foto sərgi ilə tanışlıq olmuşdur. Sərgidə Ulu öndər Heydər Əliyevin Şuşaya səfəri, Azərbaycan Respublikasının Prezidentinin Vətən müharibəsi illərində Ermənistanın işğalçı siyasətinin ifşası, torpaqlarımızın azad edilməsi ilə bağlı səsləndirdiyi fikirlər, xalqımızın düşmənə qarşı haqlı mübarizəsi, işğal olunmuş ərazilərimizdə şəhər və kəndlərimizin dağıdılması, mədəni və dini abidələrimizin məhv və təhqir edilməsi, Erməni işğalçılarının torpaqlarımızdan qovulması və s. öz əksini tapmışdır.
Daha sonra Azərbaycan Mədəniyyət Mərkəzində şəhidlərin əziz xatirəsinə quran oxunmuş və ehsan verilmişdir.
08.05.2021