XƏBƏRLƏR 2021
Özbəkistanda “Maqsud Şeyxzadə: azadlığa can atan şair” adlı filmin çəkilişlərinə başlanıb.
“Özbəkkino” Milli Agentliyinin sifarişi ilə Özbəkistanın “First Art Media” şirkəti “Maqsud Şeyxzadə: azadlığa can atan şair” adlı filmin çəkilişinə başlayıb.
2021-ci ildə Özbəkistan Respublikasının prezidenti Şavkat Mirziyoyevin Sərəncamı ilə bu ölkənin tanınmış klassikləri haqqında, sənədli və bədii filmlərin çəkilməsi, habelə onların əsərlərin yenidən nəşri həyata keçirilir.
Özbəkistanın “First Art Media” şirkəti, Özbəkistanda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, Özbəkistan və Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin dəstəyi ilə hazırlanan filmin əsas hissəsinin çəkilişləri Maqsud Şeyxzadənin vətəni Azərbaycanda, habelə doğulduğu Ağdaş rayonda planlaşdırılır.
“Мақсуд Шайхзода: Эркка интилган шоир: Maqsud Şeyxzadə: azadlığa can atan şair” adlı sənədli filmlə bağlı artıq Özbəkistanda müəyyən işlər görülmüş, filmin ssenarisi, rollarda oynayacaq artistlər müəyyənləşdirilmiş, Özbəkistanda da bir sıra çəkilişlər aparılmışdır.
Cari ilin yay aylarında filmin yaradıcı heyəti Azərbaycana gedəcək və Azərbaycan Dövlət Televiziyası ilə həmkarlıq edərək ölkəmizdə çəkilişlərə başlayacaqdır.
Azərbaycan və Özbək xalqının böyük oğlu, ömrünün əsas hissəsini mühacirətdə -Özbəkistanda keçirən, özbək dramaturgiyasının banilərindən olan Maqsud Şeyxzadə Özbək ədəbiyyatının klassiki hesab olunur və onun yaradıcılığı qardaş Özbəkistanda çox sevilir, tədqiq olunur. Təsadüfi deyil ki, ədəbiyyatşünaslar Şeyxzadəni “Özbək ədəbiyyatının Şekspiri” adlandırırlar.
Özbəkistanda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Maqsud Şeyxzadənin öz yaradıcılığı ilə iki xalq arasında əbədi bir dostluq körpüsü yaratdığını, Hüseyn Cavid, Abdulla Şaiq kimi klassiklərimizdən dərs alan Maqsud Şeyxzadənin əsərlərinin özbək ədəbiyyatının inciləri siyahısına daxil edildiyini qeyd edib. S. Abbasov “Azərbaycantelefilm” tərəfindən M. Şeyxzadə haqqında “İki xalqın oğlu” adlı sənədli bioqrafik film çəkildiyini və bu il isə Özbəkistan tərəfindən eyni təşəbbüslə çıxış etməsini yüksək qiymətləndirmişdir.
Qeyd edək ki, Şeyxzadə daim öz çıxışlarında Vətəni Azərbaycana bağlılığını və azərbaycanlı olmağını qürurla qeyd edib: “Mənim iki Vətənim var. Xoşbəxt deyiləmmi?! Mənə Nizaminin əsərlərini Nəvainin ana dilinə, Nəvainin əsərlərini Nizaminin ana dilinə çevirmək səadəti nəsib oldu. Xoşbəxt deyiləmmi?! Qələmin ilahi qüdrətilə yazdığım əsərlər özbək xalqının uğurlu sabahıdırsa və bu xoşbəxtliyi qardaş xalqa bir azərbaycanlı oğlu olaraq bəxş etmək qisməti taleyimə düşübsə xoşbəxt deyiləmmi?” deyə Maqsud Şeyxzadə öz həyat və bədii yaradıcılığını xarakterizə edib.
Sənədli filmin Daşkənd və Bakıda geniş təqdimat mərasiminin keçiriləcəkdir.
27.05.2021