XƏBƏRLƏR 2021
Daşkənd Türk Okulunda Respublika Günü və Azərbaycan ordusunun qələbəsi ilə bağlı məlumat verilib.
Daşkənd Türk Okulunda keçirilən məzun günündə 28 may-Respublika Günü və Azərbaycan ordusunun qələbəsi ilə bağlı məlumat verilib.
Əvvəl şagirdlər İstiqlal Marşı oxuyub, sonra Azərbaycan-Türkiyə dostluğu və qardaşlığına dair şerlər səsləndirib, “Azərbaycan-Türkiyə” şerini ifa ediblər.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov məzun günü ilə bağlı şagirdləri təbrik edib, onlara uğurlar arzulayıb.
S. Abbasov 28 may-Respublika Günü haqqında söhbət açıb, bildirib ki, 103 il əvvəl, 1918-ci il mayın 28-də müsəlman dünyasında ilk dünyəvi, demokratik respublika yaranıb. Lakin XX əsrin əvvəllərində dünyada və regionda yaranan çətin siyasi vəziyyət ölkəmizin müstəqilliyinin saxlanmasına imkan verməyib və cəmi 23 ay sonra Azərbaycan Xalq Cümhuriyyəti süqut edib.
Qeyd olunub ki, SSRİ dağılandan sonra, 1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini bərpa edib. Özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edərək, bu dövlətin bayrağını, gerbini və himni qəbul edib.
S. Abbasov 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın erməni işğalından azad olunması haqqında da məlumat verib.
Məzun günü şagirdlərin ifasında Azərbaycan və türk dillərində mahnılarla başa çatıb.
29.05.2021