Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2021

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
  • bg9
  • bg10
  • bg11
1 2 3 4 5 6 7 8 9 10 11
html5 slider by WOWSlider.com v8.8

Özbək müəllifin 44 günlük müharibədən bəhs edən kitabının təqdimatı oldu.


Mənim dostum çoxdur Azərbaycanda,
Onlar dosta, yara sədaqətlidir.
Onların hər biri Vətənə sadiq,
Yolundan dönməzdir, əzəmətlidir.
Fəqət bir istəyim yadında qalsın,
Bircə kəlmədədir, ürəyi, canı.
Bil ki, bircə kəlmə Qarabağ sözü
Titrədir, çalxadır Azərbaycanı!

Özbəkistanın tanınmış yazarı, “Kitab dünyası” qəzetinin baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü, Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının üzvü Xasiyyət Rüstəmin “Adı Lalə idi o qızın...” poeması 44 günlük Vətən müharibəsi dövründə yazılmış ən yaddaqalan ədəbi nümunələrdən biridir.

Özbək şairəsinin Azərbaycana budəfəki səfəri bu poemanın da yer aldığı "44 gün" kitabının təqdimatı ilə bağlıdır.

Tədbiri giriş sözü ilə açan Sumqayıt Poeziya evinin direktoru İbrahim İlyaslı yeni nəşri həm azərbaycan, həm də özbək oxucuları üçün çox dəyərli kitab adlandırıb.

O, araşdırmaçı-yazar Şöhrət Barlasın da türk dünyası üçün önəmli işlərə imza atdığını vurğulayıb: "44 günlük müharibədə Şöhlət Barlas sona qədər yanımızda olduğunu, hətta savaşmağa hazır olduğunu demişdi".

Həm Xasiyyət xanım, həm də tarixçi-yazar Şöhrət Barlas Özbəkistan-Azərbaycan ədəbi-mədəni bağlarının möhkəmlənməsində göstərdikləri xidmətlərə görə Əli Kərim adına Sumqayıt şəhər Poeziya evinin Fəxri üzvü seçiliblər.

Milli QHT Forumu İdarə Heyətinin üzvü, şair Əkbər Qoşalı yeni nəşri tarixi hadisə kimi qiymətləndirib. O, qonaqların Şuşaya səfərinin önəmini vurğulayıb. "Xasiyyət xanım da, Şöhrət bəy də 44 günlük müharibədə Azərbaycanın haqq səsini dünyaya çatdırmaqda əvəzsiz xidmət göstəriblər. Xasiyyət xanım 44 günlük müharibədə hər gün yazırdı".

Yeri gəlmişkən, nəşrdə Xasiyyət Rüstəmin müharibə dövründə yazdığı gündəlik qeydləri də yer alıb.

Kitabın ədəbi məsləhətçisi, Milli Məclisin Mədəniyyət Komitəsinin rəhbəri Qənirə Paşayevanın xahişi ilə şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra qonaqları salamlayan deputat Xasiyyət xanımın fədakar əməyini yüksək dəyərləndirib: "Dünyanın müxtəlif yerlərində eyni qanı daşıdığımız qardaşlarımız var. Amma 44 günlük müharibə dövründə qardaşlarımız arasında susanlar oldu. Ürəyi bizimlə döyünən qardaş-bacılarımızı da gördük. Zəfərimizə bizimlə birgə sevindilər. Xasiyyət xanım da onlardan biridir".

Qənirə xanım Xasiyyət Rüstəmin Özbəkistanda Azərbaycan mədəniyyətinin, ədəbiyyatının təbliğində dəstəyini əsirgəmədiyinə diqqət çəkib. Deputat şairənin Tovuz hadisələrinə həsr olunmuş kitabını xüsusi vurğulayıb. Xasiyyət Rüstəmin Vətən müharibəsi dövründə Azərbaycanın haqq səsini Özbəkistanda duyurması çox önəmli idi. Orada ermənilər də yaşayır. Onların bizə qarşı təbliğatının qarşısının alınmasında məhz Xasiyyət xanım və Şöhrət bəyin rolu böyük olub. Qənirə Paşayeva qeyd edib ki, bu, əsl ziyalı mövqeyidir.

Deputat araşdırmaçı-yazar Şöhrət Barlasın əməyini də yüksək qiymətləndirib: "Şöhrət Barlas ermənilərin həm Azərbaycan, həm də Özbəkistanda törətdiyi vandalizm aktlarını tarixi sübutlarla anladan kitablar yazıb. Buna görə daim təqib olunub. Hətta ermənilər Ş.Barlasın həbs olunması üçün prokurorluğa şikayət də etmişdilər. Parlament səviyyəsində bu məsələ qaldırılmış, ziyalılarımız mövqeyini bildirmişdi".

Qənirə Paşayeva əlavə edib ki, Nizami ilində "Xəmsə" orijinaldan özbək dilində tərcümə olunub. Eyni zamanda, qardaş şəhərlər layihəsi üzərində iş gedir.

Həm Xasiyyət xanım, həm də tarixçi-yazar Şöhrət Barlas Özbəkistan-Azərbaycan ədəbi-mədəni bağlarının möhkəmlənməsində göstərdikləri xidmətlərə görə təltif olunublar.

"44 gün" kitabı Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin maliyyə dəstəyilə nəşr olunub.

Mərkəzin direktoru Samir Abbasov Şuşa səfərinin unudulmaz olduğunu, Vətən müharibəsi dövründə yaşadıqlarını ifadə etməkdə çətinlik çəkdiyini, zəfəri bizə yaşadan şəhidlərimizin qarşısında baş əydiyini dilə gətirib: "Şuşaya məhz özbək qardaşlarla səfər etməyimizin səbəbi onların dar günlərdə bizə göstərdiyi dəstəkdir. Şuşanı görmək ən böyük arzum idi. Göz yaşlarımı saxlaya bilmirdim. Müharibə dövründə əlimizdən gələn qədər özbək qardaşlarımızı maarifləndirir, Azərbaycan həqiqətlərini təbliğ edirdik. Mədəniyyət mərkəzimiz 44 gün ərzində 244 məqalə dərc etdirdi. Məhz Xasiyyət xanım və Şöhrət bəy bizə bu işdə çox böyük dəstək göstərdilər".

"44 gün" kitabı bu təbliğatın bir nümunəsi kimi önəmlidir, deyə o, əlavə edib.
Samir Abbasov Şöhrət Salamovun Azərbaycanda tanındığını, ölkəmizə aid 10 kitab yazdığını qeyd etdi. Daşnakların həm Azərbaycanda, həm də Özbəkistanda törətdiyi qırğınları tarixi sübutlarla təqdim etdiyini diqqətə çatdırdı.

O, Özbəkistanın xalq şairi Camal Kamalın Azərbaycana səfərini, eyni zamanda Şuşa səfərini təşkil etdiyi üçün Qənirə Paşayevaya xüsusi təşəkkürünü bildirdi.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev Vətən müharibəsi dövründə demək olar ki, hər gün Şöhrət Barlasla təmasda olduğunu bildirib: “Daha çox Türkiyənin, Pakistanın adı çəkilirdi, amma Özbəkistan Ön Asiyada fərqlənirdi. 70 il bizə təlqin ediblər ki, biz qardaş deyilik. Dost kimi Qafqaz xalqlarını göstərirdilər. Lakin son illər özbəklərlə bizim qardaşlıq əlaqələrimizin qədim köklərə malik olduğunu sübut edən ziyalılar sayəsində gerçəklik ortaya çıxdı. Bu qardaşlığın möhkəmlənməsində rolu olan hər kəsə təşəkkür edirəm”.

Şəhid Əbdülməcid Axundovun anası Ceyran xanım Həsənova, Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza da tədbir təşkilatçılarına təşəkkür edib, müəllifi yeni nəşr münasibətilə təbrik ediblər.

Qonaqlara həmçinin, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin təsis etdiyi "Milli Ordu-100" medalı təqdim olunub.
Qeyd edək ki, “44 gün” kitabının Gədəbəydə də təqdimatı olacaq.

24.08.2021

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası