XƏBƏRLƏR 2021
Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzində Beynəlxalq İtkin Düşənlər Günü ilə əlaqədar tədbir keçirilib.
Avqustun 30 - da silahlı qarşıdurma, şiddət, köç və təbii fəlakətlər nəticəsində itkin düşən yüz minlərlə insan bütün dünyada xatırlanır. Bununla əlaqədar Səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Beynəlxalq İtkin Düşənlər Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Səfirliyimizin və Mədəniyyət Mərkəzinin əməkdaşları, yerli ictimaiyyət nümayəndələri, azərbaycanlı fəallar, jurnalistlərin iştirak ediblər.
Öncə Mədəniyyət Mərkəzinin həyətində "Şəhidlər Bağı"nda erməni işğalçıları tərəfindən zəbt edilmiş Azərbaycan torpaqlarının azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinə həsr olunan abidə kompleksinin qarşısına gül və çiçəklər qoyulmuşdur.
Tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş şəxslərlə bağlı məlumat vermiş, Vətən yolunda canlarından keçən şəhidlərin xatirəsinin daim xalqımız üçün əziz olduğunu bildirib. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bitməsinə baxmayaraq, münaqişə zamanı Ermənistan tərəfindən əsir və girov götürülmüş 4 minə yaxın soydaşımızın hələ də itkin düşmüş hesab olunduğunu qeyd edib.
Sonra tədbir Azərbaycan Mədəniyyət Mərkəzinin foyesində davam edib. Qonaqlara itkin düşənlər gününə həsr olunmuş kitablardan ibarət sərgi, foto sərgi, Azərbaycan Respublikasının hərbi əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komitəsi tərəfindən görülən işlər haqqında məlumat verilib. İştirakçılara Azərbaycanın Qarabağ bölgəsi, Vətən müharibələri və Azərbaycanın qələbəsi, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin sülhsevər və müdrik siyasəti haqqında məruzələr və çıxışlar təqdim olunub.
Azərbaycan Mədəniyyət Mərkəzinin Kitabxana-İnformasiya Mərkəzinin rəhbəri K.Pirməmmədova itkin düşmüş şəxslərin taleyi, onların axtarışı, hüquqları, ailə üzvlərinin insan hüquqları mövzusunda məruzə ilə çıxış edib.
Tədbirdə məlumat verilib ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində 553 nəfər Azərbaycan vətəndaşının əsir və girovluqda qətlə yetirilmişdir. Onlardan 104 nəfəri qadın, 448 nəfər kişidir, 137 nəfərin yalnız adı məlumdur, 74 nəfər isə naməlum şəxslərdir.
Bu istiqamətdə Ermənistan dövləti tərəfindən Beynəlxalq Konvensiyaların kobudcasına pozulduğu qeyd edilib.
30.08.2021