XƏBƏRLƏR 2021
Mədəniyyət naziri Anar Kərimov Özbəkistanda Özbəkistan Baş nazirinin müavini ilə görüş keçirib
Xəbər verdiyimiz kimi, mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistanda səfərdədir. Sentyabrın 15-də Anar Kərimovun Özbəkistan Baş nazirinin müavini Aziz Abduhakimovla görüşü keçirilib.
Nümayəndə heyətini salamlayan Baş nazirin müavini əsrlərlə dost və qardaşcasına yaşayan Azərbaycan və Özbəkistan arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini, bu əlaqələrin möhkəmlənməsində Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin xüsusi rolu olduğunu vurğulayıb. O, 44 günlük müharibədə torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı təbriklərini çatdırıb, Özbəkistanın Azərbaycanın haqq işini dəstəklədiyini bildirib.
Baş nazirin müavini 2019-cu ildə Azərbaycanın ev sahibliyi etdiyi UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasında iştirakından söhbət açıb, səfər çərçivəsində İçərişəhərdə olduğunu xatırladıb. Bakının bu tarixi məkanının Xivədəki İçan Kala şəhər qoruğu ilə oxşarlığından, İçərişəhər təcrübəsinin İçan Kala qoruğunda tətbiqi barədə fikir mübadiləsi aparılıb.
İki ölkə arasında əlaqələrin inkişafından məmnunluğunu bildirən Anar Kərimov Vətən müharibəsi zamanı Özbəkistanın ilk günlərdən Azərbaycanın haqlı mövqeyini dəstəkləməsini yüksək qiymətləndirib.
Daha sonra nazir Azərbaycanın işğaldan azad olunmuş ərazilərində ermənilərin mədəni irsimizə qarşı həyata keçirdiyi vandalizm barədə məlumat verib. Bildirib ki, 30 illik işğal zamanı Ermənistan tərəfindən Azərbaycan xalqına məxsus tarixi abidələr, məscidlər də daxil olmaqla, bütün infrastruktur dağıdılıb, talan edilib. Hazırda işğaldan azad olunmuş ərazilərdə Azərbaycan dövləti tərəfindən geniş bərpa və yenidənqurma işləri aparılır.
Görüş zamanı yeni konservasiya və bərpa mərkəzlərinin, arxeoloji ekspedisiyaların yaradılması, mədəniyyət sahəsinin dəstəklənməsi məqsədilə müvafiq fondların təsis edilməsi ilə bağlı Özbəkistan təcrübəsinin bölüşülməsi məsələsinə diqqət çəkilib. Azərbaycan və Özbəkistanın bərpa və konservasiya sahəsində qarşılıqlı mütəxəssis mübadiləsi, habelə birgə təlimlərin, bu sahədə Özbəkistanın müvafiq təhsil ocaqlarında yaradılan fakültələrdə təhsil barədə fikir mübadiləsi aparılıb. Bundan əlavə, Özbəkistanda məşhur olan xalq yaradıcılığı, xüsusən ağac üzərində oyma, keramika, ipək və digər sahələr üzrə qarşılıqlı təcrübə mübadiləsi, iki ölkədən sənətkarların iştirakı ilə festivalların keçirilməsi barədə söhbət açılıb.
16.09.2021