XƏBƏRLƏR 2021
Mədəniyyət naziri Anar Kərimov Özbəkistanın mədəniyyət naziri ilə görüş keçirib
Anar Kərimov Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekovla görüş keçirib. Nazir ilk olaraq Özbəkistana dəvət üçün təşəkkürünü bildirib, keçirilən tədbirləri yüksək qiymətləndirib. Özbəkistan Baş nazirinin müavini Aziz Abduhakimovla görüşü barədə söhbət açan Anar Kərimov müzakirə olunan məsələlər haqqında məlumat verib.
Görüşdə Özbəkistanda əl sənətinin inkişafı xüsusi vurğulanıb, birgə tədqiqat işlərinin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Eyni zamanda Özbəkistan Makam (muğam) İnstitutu ilə Bakıdakı Beynəlxalq Muğam Mərkəzi arasında əməkdaşlığın qurulmasının əhəmiyyəti vurğulanıb.
Özbəkistanda Xarəzmşahların sonuncu hökmdarı Cəlaləddin Manquberdi (1199-1231) haqqında filmin çəkilməsi, Azərbaycan aktyorlarının ekran işində iştirakı barədə söhbət açılıb. Həmçinin tanınmış sərkərdə haqqında araşdırmaların aparılması, fəaliyyətinin müəyyən bir dövrünün Azərbaycanla bağlı olmasına görə ölkəmizə də elmi ekspedisiyanın təşkili və s. məsələlər diqqət mərkəzinə çəkilib. Bundan əlavə, “Özbəkfilm”lə birgə Türk dünyasının məşhur əfsanəvi siması Molla Nəsrəddin haqqında filmin çəkilməsinin bu sahədə əməkdaşlığın dərinləşdirilməsinə töhfə verəcəyinə inam ifadə olunub.
Görüşdə iki ölkənin beynəlxalq təşkilatlar, xüsusilə də UNESCO, TÜRKSOY və Türk Şurası çərçivəsində əməkdaşlığının gücləndirilməsi, UNESCO-nun müvafiq siyahıları üçün Azərbaycan və Özbəkistan tərəfindən birgə nominasiyaların hazırlanmasının əhəmiyyəti qeyd olunub.
Nazirlərin görüşündə həmçinin Azərbaycanın Şuşa şəhərinin 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı”nın elan edilməsi və gələcək əməkdaşlığın perspektivləri haqqında fikir mübadiləsi aparılıb.
16.09.2021