XƏBƏRLƏR 2021
Özbəkistanda 27 sentyabr şəhidlərin anın günü tədbiri keçirilib, paytaxt Daşkənddə Azərbaycan Mədəniyyət Mərkəzinin binası üçrəngli bayrağımız rəngdə işıqlandırılıb.
27 sentyabr - Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi ilə əlaqədar Özbəkistanda da şəhidlərimiz hörmətlə anılmış və bununla əlaqədar Daşkənd şəhərinin mərkəzində yerləşən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin binası Azərbaycanın üçrəngli bayrağı rəngdə işıqlandırılıb.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov mətbuata bildirib ki, Daşkənddə möhtəşəm bina kimi tanınan, özündə Azərbaycan milli arxitekturasını, koloritlərini əks etdirən Mədəniyyət Mərkəzinin binasının Azərbaycan bayrağının rənglərinin nümayiş olunması şəhidlərimizin ruhu qarşısında bir daha ehtiramı nümayiş etdirir. O, Azərbaycanla yanaşı Özbəkistanda da şəhidlərin əziz xatirəsinin anılması məqsədi ilə tədbirlərin keçirildiyini bildirib.
Qeyd edək ki, 27 sentyabr - Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi ilə əlaqədar Özbəkistanda da şəhidlərimizin anım günü tədbiri keçirilib.
Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Azərbaycanın Özbəkistandakı Səfirliyinin, Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları, Özbəkistan-Azərbaycan, Dostluq Cəmiyyətinin rəhbərliyi, Özbəkistanın tanınmış elm, mədəniyyət xadimləri, yerli azərbaycanlılar, jurnalistlər iştirak ediblər.
Öncə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin həyətində şəhidlərin xatirəsinə salınmış park ziyarət edilmiş, parkdakı şəhidlər abidə kompleksinin önünə əklil və gül-çiçəklər düzülmüşdür.
Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və ədəbiyyatı Universitetinin tələbələri “Şəhidlər ölməz, Vətən bölünməz” adlı şeir kompozisiyasını təqdim ediblər.
Tədbirdə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, Özbəkistan-Azərbaycan, Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov çıxış edərək 27 sentyabr gününün Azərbaycan tarixindəki əhəmiyyətindən danışaraq, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən bütün şəhidlərimizin hörmətlə anıdığını qeyd ediblər.
Səfir Azərbaycan xalqının erməni işğalçılarına qarşı 30 ilə yaxın davam edən təcavüz, vandalizmə qarşı yumruq kimi birləşdiyini və təcavüzə cavab olaraq Vətən müharibəsi apardığını, Ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi ədaləti bərpa etdiyini, Vətən torpaqlarını azad etdiyini qeyd edib. O, torpaqlarımızın azad edilməsində qəhrəman oğullarımızın rəşadəti haqqında məlumat verərək, 44 günlük Vətən müharibəsində əldə edilən qələbənin şəhidlərimizin qanı hesabına əldə edildiyini bildirib.
Professor Erkin Nuriddinov 2020-ci ilin iyul ayından etibarən Azərbaycana qarşı hücum və təxribatları daha da artıran Ermənistanın ötən ilin 27 sentyabr tarixində Azərbaycan Respublikasının mülki əhalisi, eləcə də hərbi mövqelərini atəşə tutması, düşmənə cavab məqsədi ilə Azərbaycanın əks-hücum əməliyyatlarına başlaması, 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarını azad etməsini qeyd edərək, Azərbaycan xalqının oğullarının qəhrəmanlığından danışıb.
Tədbir çərçivəsində Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən “Zəfərə aparan yol” adlı fotosərgisi təqdim olunub. Sərgidə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Zəfər tvitləri”, habelə torpaqlarımızın işğaldan azad edilməsi, erməni işğalçılarının torpaqlarımızda həyata keçirdiyi vandalizm öz əksini tapıb.
28.09.2021