XƏBƏRLƏR 2021
Özbəkistanda “Qarabağ- Azərbaycan mədəniyyətinin beşiyi” adlı layihə çərçivəsində “Hər anımız Vətən desin!" adlı şeir müsabiqəsinə yekun vurulub.
2020-ci ilin fevral ayından Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi “Qarabağ: Azərbaycan mədəniyyətinin beşiyi” adlı mədəniyyət layihəsi çərçivəsində “Hər anımız Vətən desin!” adlı şeir müsabiqəsi elan edilib.
Azərbaycan və Özbəkistandan müsabiqəyə təqdim olunan şeirlərin müəlliflərinə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin Fəxri diplomları, pul mükafatları təqdim ediləcəkdir.
Müsabiqəyə əsasən Azərbaycan və Özbəkistan ədəbiyyatının nümayəndələrinin Vətənə və torpağa məhəbbət, Azərbaycan mədəniyyətinin mərkəzi olan Qarabağ, onun tarixi, abidələri, Azərbaycan xalqının Qarabağda yaratdığı böyük mədəniyyət, adət-ənənələr, tanınmış qarabağlılar, ədəbiyyatımıza və muğam sənətinə bölgənin verdiyi töhvələr, bölgənin gözəl və füsunkar təbiəti, Vətən torpaqlarının azadlığı, zülmə və həsrətə son, çiçəklənən Azərbaycan, həqiqətin zəfərinə və işıqlı gələcəyə inam mövzularını əhatə edən əsərlərə, şeirlərə, poemalara üstünlük verilib.
Müsabiqənin birinci mükafatı Azərbaycanın İsmayıllı rayonunun Diyallı kənd müəllimi, şair Oktay İsmayıllının "Mələklərin soyqırımı" və Özbəkistanın "Kitab dünyası" qəzetinin baş redaktoru, şairə, tərcüməçi Xasiyyət Rüstəmin "Adı Lalə idi o qızın" poemaları layıq görülmüşdür. Qeyd edək ki, Oqtay İsmayıllı 2020-ci il may ayının 21-də, 65 yaşında dünyasını dəyişmişdir. Lakin onun müsabiqəyə təqdim etdiyi poema ən yaxşı əsər kimi qalib seçilmişdir.
Müsabiqədə qalib şeirlər sırasına Azərbaycanın gənc şairi Tural Turan və Özbəkistanlı şairə, tərcüməçi Qulzira Sharipova şeirləri layiq görülüb.
Müsabiqənin digər qalibləri Azərbaycandan Prezident mükafatçıları, şair İbrahim Yusifov və “525-ci qəzet” və “Bütöv Azərbaycan” qəzetlərinin əməkdaşı Mina Rəşid, Özbəkistan tərəfindən isə Yazıçılar Birliyinin üzvü Faroqat Xudoyqulova, dosent, Özbəkistan Yazıçılar Birliyinin üzvü Athambek Alimbekov, şairə, tərcüməçi Dilorom Murotova və Uktamoy Xaldarova mükafata layiq görülüblər.
Bundan başqa, müsabiqənin xüsusi mükafatçıları da seçilib. Azərbaycandan şairlər Fərid Hüseyn və Şahməmməd Dağlaroğluya xüsusi mükafat təqdim olunacaq.
Mərkəz müsabiqə çərçivəsində hər iki ölkənin şairlərinin və həvəskar şeirsevərlərin Qarabağa həsr etdikləri ən maraqlı və gözəl şeirlərinin, poemalarının toplu halında nəşrini də planlaşdırıb.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov mətbuata bildirib ki, müsabiqə 44 günlük Vətən müharibəsindən öncə elan edilib. Bu səbəbdən də təqdim olunan şeirlər daha çox Qarabağın təbiəti, Azərbaycan xalqının Qarabağda yaratdığı mədəniyyət, ədəbiyyat, xalqımızın məruz qaldığı təcavüz və işğal öz əksini tapmışdır. O, bu il Azərbaycanın apardığı Vətən müharibəsi, əldə etdiyi zəfər, və xalqımızın yazdığı qəhrəmanlıq salnaməsi ilə bağlı da şeir müsabiqəsinin də elan ediləcəyini bildirib.
21.01.2021