XƏBƏRLƏR 2021
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində bu ölkənin jurnalist və bloqerləri ilə görüş keçirilib
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) bu ölkənin jurnalist və bloqerləri ilə görüş keçirilib.
Görüşdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, ölkənin tanınmış jurnalistləri və bloqerləri, alimlər iştirak edib.
Görüşü tarixçi alim Şuxrat Barlas açaraq Azərbaycan və Özbəkistan jurnalist və bloqerlərinin əməkdaşlığı, bu sahədə görüləcək işlərdən danışıb.
Hüseyn Quliyev Azərbaycanla Özbəkistan arasında əlaqələrin indiki səviyyəsi, gələcək inkişaf perspektivləri haqqında söhbət açıb, ölkələrimizin jurnalist və bloqerlərinin daha da sıx əməkdaşlıq etməsinin zamanın tələbi olduğunu vurğulayıb. Səfir bildirib ki, 44 günlük Vətən müharibəsi gözlənildiyi kimi Azərbaycanın qələbəsi ilə başa çatdı, torpaqlarımız Ermənistanın işğalından azad olundu. Azərbaycanın bu zəfəri bizi daha da yaxınlaşdırdı. Müharibə dövründə Özbəkistan hökuməti, ölkə vətəndaşlalrı, həmçinin jurnalist və bloqerlər Azərbaycanın yanında oldu, ölkəmizin haqq işini dəstəklədi. Bunun üçün Özbəkistan hökumətinə və xalqına, o cümlədən jurnalistlərə və bloqerlərə minnətdarlıq edirəm.
Səfir söhbətinin sonunda vurğulayıb ki, biz Şuşa ilə Xivə şəhərinin qardaşlaşması haqqında təklif irəli sürmüşük. Elə bilirəm ki, bizim bu təklif reallaşacaq və bununla bağlı tədbirlər həyata keçirəcəyik.
AMM-nin direktoru Samir Abbasov Mədəniyyət Mərkəzinin fəaliyyəti haqqında məlumat verib, mərkəzin gördüyü işlər, keçirdiyi tədbirlər, çap etdirdiyi kitablar haqqında söhbət açıb. O deyib ki, mərkəz Özbəkistan mətbuatı ilə sıx əlaqədə işləyir. 44 günlük müharibə günlərində ölkə KİV-də 240-dan artıq material çap etdirmişik və bu istiqamətdə fəaliyyətimizi davam etdiririk.
“UNEC TF” Fondunun departament direktoru Ellada Əliyeva Özbəkistan jurnalistləri və bloqerləri ilə görüşdən məmnun olduğunu bildirib, bu sahədə əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində görüləcək işlərdən danışıb, təcrübə mübadiləsinin vacib olduğunu vurğulayıb. Müasir dövrdə medianın rolu və aktual problemləri ilə bağlı belə görüş və disputların daha çox keçirilməsinin vacibliyini qeyd edib.
Beynəlxalq “Avrasiya” Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu bu qurumun yaradılmasının məqsəd və vəzifələrindən danışıb, yarandığı gündən bəri görülən işlər, çap olunan kitablar haqqında məlumat verib. O deyib ki, Fondun əsas istiqamətlərindən biri də xarici jurnalistləri, alimləri Azərbaycana dəvət etmək, Qarabağ həqiqətləri ilə bağlı məqalələr və kitablar yazmaq olub. Fəxrlə deyə bilərəm ki, bu istiqamətdə xeyli iş görə bilmişik.
Jurnalist və bloqerlərdən Aqida Maxir, Şirin Qafurova, Niqora Akilova, Qamaraddin Şeyxov, Mahira Sultanova, Faruk Turamuradov, Muazzam İbrahimova, Şaxida Raubayeva və başqaları 44 günlük Vətən müharibəsi günlərində Azərbaycanın haqq işini dəstəklədiklərini bildiriblər. Onlar ölkələrimizin media strukturları arasında təlimlərin, treninqlərin, informasiya mübadiləsinin aparılması istiqamətində layihələrin həyata keçirilməsinin vacibliyini qeyd ediblər.
03.10.2021