XƏBƏRLƏR 2022
Özbəkistanda “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” çərçivəsində Azərbaycan diaspora təşkilatlarına zəngin kitab kolleksiyaları hədiyyə edilib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı, iki ölkənin Mədəniyyət nazirlikləri, Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsi və Azərbaycanın Özbəkistandakı Səfirliyinin dəstəyi ilə cari ilin 16-22 oktyabr tarixlərində Özbəkistanda “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” keçirilib. Tədbirlər paytaxt Daşkəndlə yanaşı, Buxara, Nəvai və Səmərqənd vilayətlərini də əhatə edib.
Tədbirlərdə Özbəkistanda səfərdə olan Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva da iştirak edib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə keçirilən tədbirlər çərçivəsində Buxara, Nəvai və Səmərqənd vilayətləri diaspora təşkilatları rəhbərləri ilə Azərbaycan nümayəndə heyəti görüşlər keçirmiş və Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə ölkəmizə aid Azərbaycan və Özbək dillərində nəşr olunmuş kitablar diaspora təşkilatlarına hədiyyə edilib.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov milli mədəniyyətimizi təbliğ etmək məqsədi ilə mütəmadi olaraq Daşkənddə və regionlarda yerləşən diaspora təşkilatlarına çoxsaylı kitablar, rəsmlər, Azərbaycan mədəniyyətinə dair əyani vasitələr hədiyyə olunduğunu və keçirilən tədbirlərdə sərgiləmək üçün nəşrlər, suvenirlər, milli geyimlərin verildiyini qeyd edib. O, Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki kurs və dərnəklərin tədbirlərdə sərgi və stendlərin təşkilində diaspora təşkilatlarına müvafiq yardım göstərdiyini də bildirib.
Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistandakı tanınmış azərbaycanlıların xatirəsinin əbədiləşdirilməsi, onların büstlərinin qoyulması, yaşadıqları evlərinin üzərində barelyeflərin vurulması həyata keçirilib.
Keçirilən “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” çərçivəsində Səmərqəndli azərbaycanlı naşir, pedaqoq, böyük elm xadimi Seyid Rza Əlizadənin Səmərqənd şəhərində heykəlinin ucaldılması, Buxarada tanınmış azərbaycanlı elm xadimi Yusif Qarabağinin isə məqbərəsinin yenidən qurulması və məqbərə ətrafı ərazidə abadlıq işlərinin aparılması Özbək tərəfi ilə müzakirə olunmuş və razılaşdırılmışdır.
25.10.2022