XƏBƏRLƏR 2022
Samir Abbasov Türk Tarixi və Mədəniyyəti Fondunun
Nizami Gəncəvi medalı ilə təltif edilib.
Türkiyənin Ankara şəhərində fəaliyyət göstərən Türk Tarixi və Mədəniyyəti Fondunun rəhbəri Nizamettin Aykurt Özbəkistan səfəri çərçivəsində Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzini ziyarət edib və Mərkəzin direktoru Samir Abbasovla görüş keçirib.
Görüşdə Türk Tarixi və Mədəniyyəti Fondunun rəhbəri Nizamettin Aykurt dünya ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi, 2021-ci ilin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən «Nizami Gəncəvi ili» elan olunması ilə əlaqədar dahi şairin irsinin, yaradıcılığının Türk dünyasında, Özbəkistanda təbliği işinə verdiyi xüsusi töhfəyə görə Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasova Fondun təsis etdiyi Nizami Gəncəvi medalını təqdim edib.
Nizamettin Aykurt çıxışında Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Nizami ili çərçivəsində mühüm əhəmiyyətə malik və çoxsaylı layihələrin həyata keçirilməsini xüsusi qiymətləndirdiklərini qeyd edib.
O, ilk dəfə olaraq Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Nizami Gəncəvinin «Xəmsə»sinə daxil olan beş əsərin Özbəkistanın xalq şairi Camal Kamal tərəfindən Özbək dilinə tərcüməsinin uğurla həyata keçirildiyini və Xəmsənin nəfis şəkildə nəşr edildiyini qeyd edib.
Bundan başqa, Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Nizami Gəncəvi və Əlişir Nəvainin Azərbaycan və Türkiyə fondlarında saxlanılan unikal əlyazmalarının surətlərinin elektron versiyası əldə edilərək Özbəkistanın Əlyazmalar və Şərqşünaslıq İnstitutlarının Fondlarına hədiyyə edildiyini və bu əsərlərin gələcəkdə tədqiqatçılar üçün mühüm əhəmiyyətə malik olduğunu söyləyib.
O, Nizami Gəncəvinin irsi, yaradıcılığının Türk dünyası ədəbiyyatının zirvəsi və dünya ədəbiyyatına verdiyi töhfələrlə bağlı elan olunan müsabiqə nəticəsində Özbək alimləri tərəfindən çoxsaylı tədqiqat əsərlərinin yazıldığını, iki monoqrafiyanın hazırlandığını və Daşkənddə çap olunmasını mühüm hadisə kimi qiymətləndirib.
Fondun rəhbəri Nizamettin Aykurt Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Özbəkistan, Azərbaycan, Türkiyə dövlət və hökumət nümayəndələri, alimləri, ədəbiyyatsevərlərinin iştirakı ilə 2021-ci ildə Özbəkistanda “Nizami Gəncəvi və Əlişir Nəvai mədəniyyət və ədəbiyyat günləri” tədbirlərinin şairin yaradıcılığı və irsinin təbliği işinə və «Nizami Gəncəvi ili»nə xüsusi töhfə olaraq dəyərləndirib.
O, “Nizami Gəncəvi və Əlişir Nəvai mədəniyyət və ədəbiyyat günləri” çərçivəsində Özbəkistan şairləri, ədəbiyyatsevərləri, tələbələrinin iştirakı ilə şeir gecəsinin keçirilməsi, Türk dünyası alimlərinin iştirakı ilə beynəlxalq konfransların, çoxsaylı rəsm sərgiləri, kitab təqdimatları, Özbəkistanın “Soqdiana” Xalq Çalğı Alətləri Ansamblının iştirakı ilə Nizami Gəncəvi və Əlişir Nəvainin əsərləri əsasında hazırlanan konsert proqramının təqdim olunmasını dahi Nizami Gəncəvinin irsinin təbliğinə mühüm töhfə olduğunu qeyd edib.
Samir Abbasov Türk Tarixi və Mədəniyyəti Fonduna milli mədəniyyətimiz və ədəbiyyatımız, Nizami Gəncəvi irsinə həssaslıqla yanaşması və təltif üçün öz təşəkkürünü bildirib.
15.11.2022