XƏBƏRLƏR 2022
Özbəkistanda azərbaycanlı uşaqlar üçün dünya azərbaycanlıların həmrəyliyi və Yeni il bayramına həsr olunmuş şənlik keçirilib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin Qadınlar Şurası ilə birgə Daşkənddə yaşayan azərbaycanlı uşaqlar üçün Yeni il şənliyi keçirib.
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən şənlikdə təxminən 200-ə yaxın azərbaycanlı, özbək uşaqlar iştirak edib.
Əvvəlcə uşaqlar Mədəniyyət Mərkəzinin Azərbaycan Dövlətçilik Tarixi Muzeyi ilə tanış olub, onlara Azərbaycan tarixi, mədəniyyətinə dair geniş məlumat verilib.
Tədbir çərçivəsində uşaq və yeniyetmələrə Mədəniyyət Mərkəzinin foyesində 2022-ci ildə Azərbaycanın qazandığı uğurlara həsr olunmuş sərgi təqdim olunub.
Bundan başqa, Mərkəzin foyesində balaca fidanları burada bəzədilmiş küknar ağacı, qışın gəlişini bildirən Şaxta baba qarşılayıb.
Tədbiri giriş sözü ilə açan Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi direktorunun müavini Nadir Əlimirzəyev uşaqları Yeni il bayramı münasibətilə təbrik edib, onlara sağlıq, dərslərində əlaçı olmağı, valideynlərinə sevinc bəxş etmələrini arzulayıb. O, Yeni ilin tarixi haqqında da uşaqlara məlumat verib.
Orta məktəb şagirdi Əli Abbaslı böyük Azərbaycan bəstəkarı Fikrət Əmirovun əsərlərindən parçalar, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Əməkdar artist Kaykep Aliyeva adına Azərbaycan qızları” rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.
Sonra səhnələşdirilmiş bayram tamaşası göstərilib, Şaxta baba, Qar qız, cizgi filmlərinin qəhrəmanları uşaqlara xoş anlar yaşadıblar. Şənlikdə uşaqlar Yeni illə bağlı şeirlər söyləyib, mahnı oxuyub, rəqs ediblər.
Bayram tədbirində müxtəlif viktorinalar keçirilib, qaliblərə hədiyyələr verilib.
Sonda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi tərəfindən uşaqlara Yeni il hədiyyələri təqdim olunub.
29.12.2022