XƏBƏRLƏR 2023
Bakıda “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” adlı nəşrin və poçt markasının təqdimatı keçirilib.
Azərbaycanın qədim şəhəri, mədəniyyət beşiyi olan Şuşa şəhərinin 2023-cü ildə TÜRKSOY tərəfindən Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi münasibətilə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə nəşr edilmiş “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” adlı beşdilli (Azərbaycan, türk, özbək, rus, ingilis) ensiklopedik nəşrin və Şuşaya həsr olunmuş poçt markasının Bakıda keçirilən 9-cu Beynəlxalq Kitab Sərgisi çərçivəsində təqdimat mərasimi baş tutub.
Qeyd edək ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi həyata keçirdiyi yeni nəşr layihələri ilə Bakıda keçirilən 9-cu Beynəlxalq Kitab Sərgisində təmsil olunur.
Tədbiri giriş sözü ilə açan Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin inspektoru Kərimulla Məmmədzadə açaraq Şuşa şəhərinin Türk dünyası elan edilməsi ilə əlaqədar Azərbaycan Mədəniyyət Mərkəzinin həyata keçirdiyi layihələrdən söz açdı. K. Məmmədzadə qeyd etdi ki, Şuşanın Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi münasibətilə Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən cari ilin aprel ayında Daşkənd şəhərində “Şuşa günləri” keçirilmiş, Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində Özbəkistanda Şuşa şəhərinə həsr edilmiş poçt markası buraxılmış, Ürgənc Dövlət Universitetində əslən Şuşadan olan görkəmli yazıçı, ictimai xadim Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan mədəniyyəti və ədəbiyyatı Mərkəzi açılmış, kitab, foto, rəsm sərgiləri təşkil edilmiş, konsertlər verilmişdir. Mədəniyyət Mərkəzinin ən böyük layihəsinin isə Şuşa haqqında beşdilli ensiklopedik nəşrin olduğunu qeyd edən K. Məmmədzadə sözügedən nəşrin ilk təqdimatının I Türk Dünyası Mədəniyyət Forumu çərçivəsində Şuşa şəhərində baş tutduğunu vurğuladı.
Daha sonra çıxış edən dünya şöhrətli Azərbaycan əsilli fotoqraf Reza Deqati də çıxış edərək Şuşa ilə bağlı xatirələrini bölüşdü. Layihə ilə bağlı fikir bildirən Reza Deqati Şuşa haqqında həyata keçirilmiş bu nəşri çox yüksək qiymətləndirərək nəşrin çoxdilli olmasını ələlxüsus da ingilis dilində olmasının Şuşa haqqında kompakt informativ mənbə baxımından böyük dəyərə malik olduğunu qeyd etdi.
Daha sonra çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, yazıçı-publisist Rəşad Məcid Şuşa haqqında həyata keçirilmiş belə bir layihənin təkcə Şuşanın bir mədəniyyət, incəsənət, ədəbiyyat baxımından təbliği kimi deyil bütün Azərbaycan mədəniyyətinin təbliği baxımından böyük əhəmiyyətə sahib olduğunu qeyd etdi.
Daha sonra çıxış edən M.F. Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov Şuşa haqqında həyata keçirilmiş belə bir nəşr layihəsinin təkcə oxucular üçün deyil bütün kitabxanalar üçün çox dəyərli bir nəşr olduğunu qeyd etdi.
Tədbirdə çıxış edən TÜRKSOY nümayəndəsi Vüqar Novruzoğlu da Türk dünyasında böyük yerə və əhəmiyyəti sahib olan və artıq bütün Türk dünyasının mədəniyyət paytaxtına çevrilimiş Şuşa şəhəri haqqında belə bir nəşr layihəsinin böyük zəngin mədəniyyətimizin təbliği baxımından çox böyük əhəmiyyətə malik olduğunu vurğuladı. Qeyd edək ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən hazırlanmış nəşrin Özbəkistanda da təqdimatları keçirilmiş və nəşrin Azərbaycan, eləcə də Özbəkistanın aparıcı kitabxanalarına hədiyyə edilməsi nəzərdə tutulur.
13.11.2023