XƏBƏRLƏR 2023
“Wikipediya”da Şah İsmayıl Səfəvi haqqında
özbək dilində bölmə istifadəyə verilib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycan Səfəvi imperiyasının banisi və birinci şahı, ilk dəfə olaraq Azərbaycan ərazilərini vahid dövlətdə birləşdirən və Azərbaycan türkcəsini dövlət dili elan edən hökmdar, şair Şah İsmayıl Səfəvi haqqında “Wikipediya” Beynəlxalq Elektron Ensiklopediyasında özbək dilində “Shoh Ismoil Safaviy” adlı bölmə istifadəyə verilib.
Azərbaycan Mədəniyyət Mərkəzinin “Wikipediya” heyəti tərəfindən yaradılmış bölmədə Şah İsmayıl Səfəvinin həyatı, hökmdarlığı, onun başçılığı ilə edilən yürüşlər və döyüşlər, siyasi fəaliyyəti, onun ailə və nəsil şəcərəsi, şəxsiyyəti, xidmətləri, ədəbiyyatımızda yeri, əsərləri, dövlətimiz tərəfindən adının əbədiləşdirilməsi və s. mövzular öz əksini tapıb.
Bölmələr üzrə hazırlanmış məqalədə Şah İsmayıl Səfəvinin həyatı və hakimiyyət illərini tam əhatə edən məlumatlar, xəritələr, tarixi rəsmlər, əlyazma əsərlərindən nümunələr və s. zəngin materiallar elmi istinad prinsipinə uyğun şəkildə verilmişdir.
Qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7 may tarixli qərarı ilə Şah İsmayıl Xətainin əsərləri Azərbaycan Respublikasında dövlət mülkiyyəti elan edilən müəlliflərin siyahısına daxil edilib.
Şah İsmayıl Səfəvinin xidmətləri adlı bölmədə vurğulanır ki, Şah İsmayıl Səfəvi qısa həyatında Azərbaycan dövlətçiliyi üçün vacib işlər görmüş, böyük uğurlara imza atmış, ona ölməzlik bəxş edən əsərlər qələmə almış, Azərbaycan xalqının siyasi və mədəni tarixində parlaq səhifələrdən birinin yaradıcısı kimi tanınmışdır.
Bölmədə Şah İsmayıl Səfəvinin 13 yaşında ikən Səfəvi əmirləri və digər türk boylarının dəstəyi ilə əcdadlarının başladığı mübarizəni davam etdirməsi, orta əsrlərdə onun rəhbərliyi ilə Azərbaycan xalqının dövlətçiliyinin ən yüksək mərhələsi olan Səfəvilər imperiyasının qurulduğu, onun hakimiyyətinin və dövlətçilik ənənələrinin sonrakı Azərbaycan dövlətçilik tarixi zəncirində çox önəmli bir halqanı təmsil etməsi və çoxəsrlik Azərbaycan dövlətçiliyinin əsasını təşkil etməsi qeyd olunur.
Məqalədə eyni zamanda Şah İsmayıl Səfəvinin müasir Azərbaycan dövlətində, dövlətçilik tarixində, Klassik Azərbaycan ədəbiyyatında rolundan söz açılmış, Azərbaycan dövlətinin Şah İsmayıl Səfəviyə verdiyi böyük dəyər və qiymət vurğulanmışdır.
“Wikipediya”da Şah İsmayıl Səfəvi haqqında özbək dilində məlumatlarla linki vasitəsilə tanış olmaq mümkündür.
Qeyd edək ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Wikiuz” layihəsi çərçivəsində Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, dövlətçiliyi, şəhərləri, görkəmli şəxsiyyətləri, elm, siyasət, mədəniyyət və incəsənət xadimləri, Ermənistan-Azərbaycan münaqişəsi, birinci Qarabağ savaşı, Vətən Müharibəsi və s. aid özbək dilində yüzə məqalə hazırlanaraq onlayn ensiklopediyaya yerləşdirilmişdir.
13.03.2023