XƏBƏRLƏR 2023
Özbəkistan universitetlərində azərbaycanlı alimlərin mühazirələri təşkil olunacaq, tədris proqramlarına Azərbaycan tarixi və ədəbiyyatı mövzuları daxil ediləcəkdir.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin prorektoru Firuza İkramxanova, Universitetin professoru, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinovu qəbul edib.
Görüşdə Heydər Əliyev ili çərçivəsində Özbəkistanda keçiriləcək tədbirlər, layihələr, Daşkənd Dövlət Pedaqoji Universitetində azərbaycanlı tələbələr üçün güzəştli qəbul proseduranın yaradılması, Nizami Gəncəvi və Əlişir Nəvai Dostluq Mərkəzinin təşkili məsələləri müzakirə olunub.
Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə Daşkənd Dövlət Pedaqoji Universitetinin tədris proqramına Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı mövzularının daxil edilməsi, azərbaycanlı mütəxəssislərin, alimlərin cari il aprel ayında Daşkənd Dövlət Pedaqoji Universitetində Azərbaycan tarixi, ədəbiyyatı mövzusunda açıq mühazirələrinin təşkili məsələləri müzakirə edilmiş və razılıq əldə edilmişdir.
Tərəflər arasında Özbəkistanda keçiriləcək Azərbaycan mədəniyyəti həftəliyi çərçivəsində layihənin reallaşdırılması, tədbirin keçirilməsi planlaşdırılmış, habelə xalqlarımızın milli bayramı olan Novruza dair birgə tədbirin keçirilməsi nəzərdə tutulub.
17.03.2023