XƏBƏRLƏR 2023
Daşkənddə “Heydər Əliyevin qələbəsi” adlı kitabın
təqdimat mərasimi keçirilib.
Azərbaycanın Respublikasının Özbəkistan Respublikasındakı səfirliyinin təşəbbüsü ilə Özbəkistanın tanınmış yazıçı və publisisti İsmat Kuçiyevin rus dilində çap olunan “Heydər Əliyevin qələbəsi” adlı kitabının Daşkənddə təqdimat mərasimi keçirilib.
Tədbir iştirakçılar ilk öncə Ümummilli Lider Heydər Əliyevin Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin qarşısındakı abidəsi önünə tər gül-çiçək dəstələri qoyublar.
Daha sonra Özbəkistan Yazıçılar İttifaqında davam edən tədbirdə ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyev, səfirliyin əməkdaşları, ölkənın elm, mədəniyyət və incəsənət xadimləri, şair və yazıçılar, diasporumuzun üzvləri, jurnalistlər, tələbələr iştirak ediblər.
Tədbir iştirakçıları Özbəkistan Yazıçılar İttifaqının binasının foyesində Heydər Əliyevə həsr olunmuş kitablardan və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəşrlərindən ibarət sərgi ilə tanış olublar. Daha sonra, Azərbacan-Özbəkistan dostluğuna həsr olunmuş qısametrajlı videorolik nümayiş olunub.
“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinovun moderatorluğu ilə davam edən tədbirdə çıxış edən Özbəkistan Yazıçılar İttifaqının sədri, xalq şairi Siracəddin Səyyid Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin bərpasında, gücləndirilməsində və dövlətçiliyin qorunub saxlanmasındakı rolunu, təzyiqlərə baxmayaraq milli ruhun, milli şüurun və özünüdərkin dirçəldilməsində, müstəqil Azərbaycanın beynəlxalq aləmdə layiqli yerini tutması istiqamətində müstəsna xidmətlərini diqqətə çatdırıb. O, Heydər Əliyevin ədəbiyyata, sənətə böyük qiymət verdiyini qeyd edərək, daim ədəbiyyat adamlarına qayğı göstərdiyini vurğulayıb.
Daha sonra çıxış edən Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətlərindən danışıb və onun, xalqımızın, dövlətçiliyimizin çətin məqamlarında hakimiyyətə gələrək müstəqilliyimizi xilas etdiyini bildirib. Ulu Öndərin həm sovet dövründə, həm də müstəqillik illərində xalqımız və dövlətimiz qarşısındakı müstəsna xidmətlərindən söhbət açan səfir məhz Ulu Öndərin tutduğu qətiyyətli mövqe, apardığı uğurlu siyasət nəticəsində bu gün Azərbaycanın dünya miqyasında qüdrətli dövlətə çevrildiyini qeyd edib. Səfir Azərbaycan xalqının öz böyük oğlunun xatirəsini daim əziz tutduğunu və Ulu Öndərin siyasətinin bu gün də uğurla davam etdiyini vurğulayıb.
Çıxışına davam edən səfir, Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, Siyasi Büronun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, müstəqil Azərbaycan Respublikasının Prezidenti vəzifələrində çalışdığı müddətdə Azərbaycanın inkişafı istiqamətində göstərdiyi xüsusi xidmətlərin heç zaman unudulmayacağını qeyd edib.
Daha sonra çıxış edən özbəkistanlı alim və tərcüməçi Babaxan Məhəmməd Şərif Heydər Əliyevin hələ SSRİ dövründə Azərbaycana rəhbərlik etdiyi zamanda ölkə iqtisadiyyatına, milli və mənəvi dəyərlərə, adət-ənənələrə verdiyi önəmdən söz açıb, müasir Azərbaycanın indiki vəziyyətə gəlib çatmasında Heydər Əliyevin böyük rolu olduğunu deyib, onun hakimiyyətdə olduğu müddətdə xalqı üçün gördüyü işlərdən danışıb.
Çıxış edən “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin üzvü İsrail Şamsimuxammedov, jurnalist Boris Babayev, Özbəkistan Yazıçılar İttifaqının üzvü Sabir Kurbanov və başqaları Heydər Əliyevi dünya şöhrətli siyasi xadim kimi xarakterizə ediblər.
Kitabın müəllifi İsmat Kuçiyev Heydər Əliyevin müasir Azərbaycanın qurucusu olduğunu vurğulayaraq onun gördüyü əvəzolunmaz işlərdən danışıb. O, 1990-cı illərdə Azərbaycanın keçdiyi çətin zamanlardan söhbət açaraq məhz Heydər Əliyevin sayəsində ölkədə sabitlik və inkişafın əldə olunduğunu bildirib.
O, Özbəkistanın Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəklədiyini vurğulayıb, kitab üzərindəki işindən söz açıb.
26.04.2023