XƏBƏRLƏR 2024
Özbəkistanlı jurnalistlər AZƏRTAC-da çalışan həmkarları ilə görüşüblər.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və ölkəmizin Özbəkistandakı səfirliyi, onun nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Azərbaycanda səfərdə olan Özbəkistanın mətbuat nümayəndələri ilə oktyabrın 25-də Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC) görüş keçirilib.
Görüşdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin administratoru Yusif Məmmədov, Özbəkistanın “anıq.uz” xəbər saytının müxbiri Nizomjon İslomov, “kun.uz” internet saytının Beynəlxalq İnformasiya şöbəsinin redaktoru Şukrat Şokirjonov, “Ikbol TV” telekanalının aparıcısı Sevara Raxmaqullaeva və operatoru Xayrullo Kuranboev iştirak ediblər.
AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev Azərbaycan ilə Özbəkistan arasında dostluq və qardaşlıq münasibətlərindən söz açıb, bu əlaqələrin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsində Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dostluq münasibətləri böyük rol oynayır.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun 30 illik işğala son qoyduğunu, torpaqlarımızı azad etdiyini söyləyən Vüqar Əliyev qeyd edib ki, hazırda həmin ərazilərdə bərpa-quruculuq işləri yüksək səviyyədə həyata keçirilir. Keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş doğma yurdlarında məskunlaşması isə mərhələli şəkildə təmin edilir. Agentliyin rəhbəri, həmçinin Qarabağın işğalı dövründə dağıdılan tarixi, dini və memarlıq abidələri, eləcə də Şuşada güllələnmiş heykəllər barədə ətraflı məlumat verib.
Bu yaxınlarda Özbəkistanda səfərdə olduğunu, bir sıra görüşlər keçirdiyini vurğulayan AZƏRTAC-ın İdarə Heyətinin sədri əminliyini bildirib ki, özbəkistanlı jurnalistlər azad edilmiş torpaqlarla bağlı təəssüratlarını, ermənilərin törətdikləri vandalizm aktlarını, eləcə də Azərbaycanın üzləşdiyi mina terroru barədə həqiqətləri dünyaya çatdıracaqlar.
Qonaqlar işğaldan azad olunmuş Füzuli, Şuşa, Ağdam, Laçın və Zəngilan rayonlarına səfər təəssüratlarını bölüşüb, həmin ərazilərdə aparılan genişmiqyaslı tikinti-bərpa işlərinin onlarda xoş təəssüratlar doğurduğunu vurğulayıb, iki ölkə arasında media sahəsində əməkdaşlıq imkanlarından bəhs ediblər.
Görüşdə Özbəkistanın Qarabağda genişmiqyaslı yenidənqurma işlərində iştirakından da bəhs olunub. Özbək jurnalistlər Füzuli şəhərində Özbəkistan tərəfindən tikilmiş Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbi də ziyarət etdiklərini bildiriblər. Diqqətə çatdırılıb ki, Mirzə Uluqbəy adına tam orta məktəb ölkələrimiz arasında qardaşlıq münasibətlərinin bir nümunəsidir.
Qonaqlara AZƏRTAC-da xəbər buraxılışı, xarici müxbir şəbəkəsi barədə məlumat verilib, media və jurnalistika ilə bağlı fikir mübadiləsi aparılıb.
Qonaqlar, həmçinin AZƏRTAC-ın binası ilə də tanış olub, Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mətbuatla bağlı tədbirlərdə iştirakını, yerli və xarici mediaya müsahibələrini, Müzəffər Ali Baş Komandanın İkinci Qarabağ müharibəsi dövründə xalqa müraciətlərini, işğaldan azad olunmuş bölgələrə səfərlərini əks etdirən fotostendlərə baxıblar.
AZƏRTAC-ın müxtəlif dövrlərdə istifadə etdiyi texniki avadanlıqların nümunələrindən ibarət muzey də özbəkistanlı jurnalistlərdə maraq oyadıb. Onlar agentliyin xəbər zallarında, multimedia redaksiyasında və digər şöbələrdə iş şəraiti ilə maraqlanıb, həmkarları ilə söhbət ediblər.
25.10.2024