XƏBƏRLƏR 2024
Daşkənddə Türk dünyasının inteqrasiya məsələlərinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib.
Daşkənd İqtisadiyyat və Texnologiyalar Universiteti və Turan Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə “Türkdilli xalqların tarixi, təhsili, mədəniyyəti, dilləri və ictimai-iqtisadi həmkarlıq perspektivlər” mövzusunda elmi-praktik beynəlxalq konfrans təşkil edilib. Özbəkistan, Qazaxıstan, Azərbaycan, Qırğızıstan, ABŞ və s. ölkələrdən alimlərin iştirak etdiyi konfransda Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi də təmsil olunub.
Konfransı giriş sözü ilə açan sözügedən universitetin rektoru dosent Şavkat Mavlamov dost-qardaş ölkələrin alimlərinin iştirakı ilə keçirilən beynəlxalq konfransın təşkilindən dolayı məmnun olduğunu vurğulayaraq iştirakçılara uğurlar diləyib və son illərdə Türk dünyasında həyata keçirilən yaxınlaşma, inteqrasiya məsələlərindən söz açaraq bu qəbildən olan konfransların təşkilinin bu prosesə müsbət təsir göstərdiyini vurğulayıb.
Daha sonra çıxış edən Turan Elmlər Akademiyasının prezidenti professor Haydarbek Bababekov tarixən eyni kökə, dilə, adət-ənənəyə, mədəniyyətə malik olan qardaş xalqların bu gün eyni qayələr altında birləşməsinin bu xalqların daha da inkişafı yolunda çox mühüm məsələ olduğunu qeyd edib.
Çıxış edən dosent Sabir Tağıyev Türk dünyasının qədim tarixi izlərindən söz açaraq Azərbaycanda qədim türk izləri, türk abidələri haqqında məlumat verib. S. Tağıyev müasir dövrdə yaxınlaşmanın, birləşmənin ən vacib əsaslarından biri kimi qədim birgə köklərimizi, tariximiz araşdırmanın vacibliyini vurğulayıb.
Daha sonra çıxış edən professor Baxtiyar Karimov türk dünyasında inteqrasiya məsələlirndən söz açaraq bu yolda əsas problemlərdən birinin də ortaq əlifbanın mövcud olmamasını qeyd edərək bu sahədə həyata keçirilən işlərdən söz açıb.
Çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə Türk dünyasının inteqrasiya məsələlərindən söz açaraq mədəniyyət mübadiləsinin vacib olduğunu qeyd edərək Azərbaycan Mədəniyyət Mərkəzinin bu sahədə gördüyü işlərdən söz açıb. Türk dünyasında inteqrasiyanın əsas problemlərindən birinin də ortaq rabitə dilinin olmamasını qeyd edən K. Məmmədzadə bundan çıxış yolu kimi aparıcı türk dillərinin daha intensiv şəkildə işlədilməsinin, ələlxüsus da bu qəbildən olan beynəlxalq konfranslarda türk dillərindən daha sıx şəkildə istifadənin vacibliyindən söz açıb.
Daha sonra çıxış edənlər dosent F.Baitova (Qırğızıstan), professor Əsgər Zeynalov (Azərbaycan), dosent Sərvər İspahi (ABŞ, onlayn), dosent Cenisbek Düyşeyev (Qırğızıstan), professor S.Macitov (Qazaxıstan) və başaqları Türk dünyasının tarixi, təhsili, mədəniyyəti, dilləri və iqtisadiyyatı ilə bağlı məsələlərdən söz açıblar.
Beynəlxalq elmi-nəzəri konfrans professor Rahmanali Hasanovun moderatorluğu ilə fasilədən sonra məruzələrlə davam edib.
26.11.2024