XƏBƏRLƏR 2024
Özbəkistanda “Bu şəhərdə”nin konserti keçirilib.
Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin, Özbəkistandakı səfirliyimizin və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə Daşkənd şəhərində “Bu şəhərdə”nin “Kəmər” adlı konserti keçirilib.
Konsertdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, Azərbaycan diasporunun üzvləri, qardaş özbək xalqının nümayəndələri iştirak edib.
Konsertin aparıcısı Azərbaycanın Əməkdar artisti Rəşad İlyasov “Bu şəhərdə” komandası haqqında məlumat verib. Konsert boyu Rəşad İlyasov səhnəciklər arasında Azərbaycan, türk və özbək dillərində mahnılar ifa edib ki, bu da konsertə daha bir coşqu qatıb.
Azərbaycanın Əməkdar artistləri Rafael İsgəndərov və Coşqun Rəhimov “Milyonçuların oyunu”, “Süsən sünbül”, “Toy” və digər səhnəciklər göstərib, tamaşaçıların alqışlarını qazanıblar.
”Bu şəhərdə”nin direktoru və ssenari müəllifi Müşfiq Abbasov bildirib ki, 2000-ci ildə yaranan “Bu şəhərdə” komandası indiyədək Bakıda, həmçinin bir sıra xarici ölkədə 400-dən çox konsert verib. Azərbaycanın televiziya kanallarında da onlarla konsert proqramı ilə çıxış edib.
Son 2-3 ildə Almaniya, İsveç, Rusiya və Özbəkistanda konsertlərimiz keçirilib. Bu il ərzində İngiltərə, Latviya, Qazaxıstan, Gürcüstan və Özbəkistanda konsertlərimizin keçirilməsi nəzərdə tutulur.
29.02.2024