XƏBƏRLƏR 2024
Fəaliyyət müddətinin başa çatması ilə əlaqədar Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovu Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru Abduqappor Qırğızbayev qəbul edib.
Görüşdə Azərbaycan Mədəniyyət Mərkəzi ilə Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti arasında əməkdaşlıq, ötən dövr ərzində səmərəli fəaliyyətə dair fikir mübadiləsi aparılıb.
Rektoru Abduqappor Qırğızbayev iki ölkənin təhsil müəssisələri, universitetləri arasında əməkdaşlığın yaradılması və genişləndirilməsi, qarşılıqlı səfərlərin reallaşdırılması, əməkdaşlığa dair memorandumlarının imzalanması, tələbə və müəllim mübadiləsi sahəsində dəstəyə görə Azərbaycan Mədəniyyət Mərkəzinə öz təşəkkürünü bildirib. O, xüsusi ilə rəhbərlik etdiyi Universitetdə Azərbaycan dili fənninin tədrisinin başlanılması və bu dərslərin aparılması məqsədilə Azərbaycandan müəllimin dəvət olunması, habelə iki ölkə arasında dostluq və əməkdaşlığa dair çoxsaylı uğurlu layihələrə görə Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasova təşəkkürünü bildirib.
Samir Abbasov əməkdaşlıq və dəstəyə görə Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru Abduqappor Qırğızbayevə öz təşəkkürünü bildirib.
Sonda qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim olunub.
02.04.2024