XƏBƏRLƏR 2024
ADPU-nun Quba filialında “Azərbaycan – Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzi”nin açılışı olub.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında elm, ədəbiyyat və siyasət adamlarından ibarət geniş heyətin və Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin iştirakı ilə “Azərbaycan – Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzi”nin açılışına həsr edilmiş tədbir keçirilib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşəbbüsü və təşkilatçılığı ilə yaradılmış “Azərbaycan – Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzi”nin açılışına həsr edilmiş tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru, dosent Yusif Alıyev çıxışında Azərbaycan – Özbəkistan mədəni-ədəbi əlaqələrində böyük işlər görmüş Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin sözügedən layihənin həyata keçirilməsinə başlanan ilk günündən öz dəstəyini əsirgəmədiyini vurğulayaraq Azərbaycan Mədəniyyət Mərkəzinin Özbəkistandakı universitetlərilə və Özbəkistan-Azərbaycan dostluq cəmiyyəti ilə əlaqələrin qurulmasında mühüm rol oynadığını qeyd etmişdir.
Daha sonra çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli iki qardaş ölkə arasında ədəbi-mədəni, elmi, təhsil əlaqələrinin genişlənməsində bu qəbildən olan layihələrin vacibliyindən söz açaraq belə bir mərkəzin qurulmasında xidməti olan bütün təşkilatlara və şəxslərə öz təşəkkürünü bildirdi.
Daha sonra çıxış edən Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru, professor Abdulqappor Qırğızbayev Azərbaycanın tanınmış təhsil ocaqlarının birində Özbəkistana aid belə bir mərkəzin yaradılmasını özbək xalqına qarşı olan böyük hörmət və sevginin təzahürü kimi qiymətləndirdi. A.Qırğızbayev belə mərkəzlərin təkcə mədəni-ədəbi əlaqələrin deyil elm, təhsil sahəsində inteqrasiyalara da müsbət təsir göstərəcəyini, zəmin yaradacağını vurğuladı.
Çıxış edənlər Milli Məclisin deputatı Azərbaycan-Özbəkistan parlamentlərarası işçi qrupunun üzvü Ceyhun Məmmədov, ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova, Bakı Slavyan Universitetinin rektoru professor Anar Nağıyev, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov və digər qonaqlar gələcəkdə iki qardaş ölkə arasında elm, təhsil, ədəbi-mədəni əlaqələr sahəsində görüləcək işlər, həyata keçiriləcək layihələrdən söz açıblar.
Sonda Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşı Vüqar Mirzəyev mərkəzin layihəsi ilə Özbəkistanda Azərbaycan mədəniyyəti və ədəbiyyatına aid həyata keçirilmiş layihələrdən söz açaraq bunlar arasında Heydər Əliyevin 100 illiyi münasibətilə, eləcə də Azərbaycan ədəbiyyatına, tarixinə, mədəniyyətinə aid nəşrlərdən, danışıq və tərcümə kitablarını, xatirə poçt markalarını və s. qeyd etdi.
Qeyd edək ki, Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən çap edilmiş nəşr nümunələrindən ibarət kitab kolleksiyasını, xatirə markalarını yeni açılmış “Azərbaycan – Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzi”nə hədiyyə edilib.
07.05.2024