XƏBƏRLƏR 2024
Azərbaycanın klassik şairi Mirzə Şəfi Vazeh haqqında “Wikipedia” Beynəlxalq Elektron Ensiklopediyasında özbək dilində bölmə istifadəyə verilib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycan klassik ədəbiyyatının tanınmış nümayəndələrndən olan, maarifpərvər ziyalı, şair, mütəfəkkir Mirzə Şəfi Vazeh haqqında “Wikipedia” Beynəlxalq Elektron Ensiklopediyasında özbək dilində “Mirzo Shafi Vazeh” adlı bölmə istifadəyə verilib.
Azərbaycan Mədəniyyət Mərkəzinin "Wikipedia" heyəti tərəfindən yaradılmış bölmədə şairin həyatı, yaradıcılığı, Azərbaycan ədəbiyyatına və milli məfkurəyə verdiyi töhfələr, maarifçilik fəaliyyəti və s. məlumatlar yer alıb.
Ümumilikdə 12 bölmədən və zəngin ədəbiyyat siyahısından, keçidlərdən ibarət vikiməqalədə Mirzə Şəfi Vazehin həyatı və yaradıcılığı, əsərləri ilə bağlı hərtərəfli, geniş məlumatlar öz əksini tapmışdır.
Məqalədə qeyd olunur ki, Azərbaycan şairi və mütəfəkkiri, xəttat, maarifçi və pedaqoqu Mirzə Şəfi “Vazeh” təxəllüsü ilə həm Azərbaycan, həm də fars dillərində şeirlər yazmış, poeziyamızın ənənələrini inkişaf etdirmişdir. Bundan əlavə geniş pedaqoji fəaliyyətlə də məşğul olan Mirzə Şəfi Tiflisdə Azərbaycan və fars dillərindən dərs demiş Azərbaycanın gələcəyi üçün ziyalılar yetiştirmişdir. Mirzə Şəfi rus pedaqoq İvan Qriqoryev ilə birlikdə Azərbaycan poeziyasının ilk ədəbiyyat müntəxəbatını və Tiflis gimnaziyası üçün "Tatar-rus lüğətini" tərtib etmişdir.
Bildirilir ki, Mirzə Şəfi dövrünü tanınmış maarifpərvər ziyalıları, şair və ədibləri ilə sıx əlaqə saxlamış, onun yaradıcılığı təkcə Azərbaycanda deyil Avropada da tanınmış, əsərləri rus, alman dillərinə tərcümə edilərək çap olunmuş, şeirlərinə Avropa bəstəkarları tərəfindən musiqilər bəstələnmişdir. Mirzə Şəfi Vazeh özünün ecazkar yaradıcılığı ilə Azərbaycan poeziyasına və incəsənətinə də təsir göstərmişdir.
“Wikipedia" Elektron Ensiklopediyasında Mirzə Şəfi Vazeh özbək dilində bölmə ilə linkdə tanış olmaq mümkündür.
15.08.2024