XƏBƏRLƏR 2024
Azərbaycan Səmərqənddə keçirilən XIII “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalında “Qran-Pri” mükafatına layiq görülüb.
26-30 avqust tarixlərində Özbəkistanın Səmərqənd şəhərində XIII “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalı keçirilir. Mərkəzi Asiyanın ən böyük incəsənət layihələrindən olan festival UNESCO və ICESCO-nun himayəsi ilə gerçəkləşir.
Festivalın məqsədi milli musiqi sənətindəki nailiyyətləri, eləcə də xalqların mədəniyyətini və adət-ənənələrini tanıtmaq və inkişaf etdirmək, musiqi və xanəndəlik sahəsində istedadlı gənclərə dəstək olmaq, beynəlxalq yaradıcı əlaqələr qurmaq, sülh, dostluq və qarşılıqlı tolerantlıq ideyalarını təbliğ etməkdir.
1997-ci ildə əsası qoyulan festivalda indiyədək ümumilikdə 75 ölkədən musiqi kollektivləri və ifaçılar iştirak edib.
Avqustun 26-da Səmərqənddə festivalın təntənəli açılış mərasimi olub.
Açılış mərasimində Daşkənddə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, 300-dən çox ölkədən 80-ə yaxın xarici qonaq, Özbəkistan Respublikasının rəsmiləri, Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Murad Hüseynov, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları, habelə Özbəkistanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak ediblər.
Açılış mərasimində Özbəkistan Prezidenti Şavkat Mirziyoyev çıxış edib. Dövlət başçısı pandemiyanın səbəb olduğu beş illik fasilədən sonra keçirilən XIII “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalının musiqi sənətinin bir çox nümayəndələri və onun pərəstişkarları tərəfindən səbirsizliklə gözlənildiyini vurğuladı. Qeyd etdi ki, bu il festival hər kəsi yeni ruhu və əzəməti ilə qarşılayır.
Festival çərçivəsində avqustun 27-28-də “Şərq xalqlarının musiqi mədəniyyəti: qloballaşma prosesində yaradıcılıq harmoniya prinsipləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans da keçirilib.
Festival iştirakçılarının beynəlxalq münsiflər heyəti qarşısında çıxışları üç gün keçirilib. Qiymətləndirmə zamanı iştirakçının ifa səviyyəsi və mahnılarla bərabər, mahnı sözlərinin (şeirlərin) ahəng və məzmunu, iştirakçının geyim mədəniyyəti və səhnə davranışı kimi meyarlar da nəzər alınıb.
Musiqi Festivalının təntənəli bağlanış mərasimində ölkəmizi təmsil edən tanınmış xanəndə, respublika və beynəlxalq müsabiqələr laureatı Mirələm Mirələmov, onun ifalarını müşayiət edən instrumental heyət – tar ifaçısı Zəki Vəliyev, kamança ifaçısı Elnur Mikayılov, əməkdar artist, nağara ifaçısı Kamran Kərimov, ud ifaçısı İdris Hüseynov və balaban ifaçısı Anar Vəlizadə festivalın “Qran-pri” mükafatına layiq görülüblər. Onların çıxışı münsiflər heyətinin və iştirakçıların böyük marağına səbəb olub.
Qeyd edək ki, “Şərq təranələri” festivalı iki ildən bir keçirilir. Ölkəmizdən xanəndə Simarə İmanova ilk festivalda (1997) və tarzən Sahib Paşazadə XI festivalda (2017) Qran-pri mükafatına layiq görülüblər. Müxtəlif illərdə ölkəmizdən bir neçə musiqiçi də festivalın mükafatçısı olub.
29.08.2024