XƏBƏRLƏR 2024
Azərbaycanlı dilçilər Özbək dilinə həsr edilmiş konfransda iştirak ediblər.
Özbəkistanın Nəvai şəhərində Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dili tarixi şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Xədicə Heydərovanın özbək dilinə tərcümə olunmuş kitabının təqdimatı keçirilib.
2023-cü ildə nəşr olunmuş “Nəsiminin dilində işlənən onomastik vahidlərin izahlı lüğəti (dini-poetik onomastikon)” adlı əsəri Nəvai Pedaqogika İnstitutunun Özbək dili və ədəbiyyatı kafedrasının dosenti Gülsənəm Maqsutovna Norova tərəfindən özbək dilinə tərcümə olunmuşdur.
16 - 18 oktyabr tarixlərində Özbəkistanda səfərdə olan Xədicə Heydərova Özbəkistanın Nəvayi adına Pedaqogika İnstitutunun Özbək dili və ədəbiyyatı kafedrasında və Özbəkistan Milli Universitetində keçirilən konfranslarda öz məruzələri ilə çıxış etmişdir. Bununla bağlı Xədicə Heydərova Özbəkistan televiziya kanallarına da müsahibə vermişdir.
Özbəkistan Milli Universitetində keçirilən “Özbək dili tədrisi üzrə tədqiqatlar” adlı konfransda Mədəniyyət Mərkəzinin əməkdaşı iştirak etmişdir.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin qonağı olan Xədicə Heydərova Mərkəzlə tanış olduqdan sonra müəllifi olduğu “Heydər Əliyevin siyasi dilinin lüğəti” əsərini mərkəzin direktor müavini Nadir Əlimirzəyevə təqdim edərək mərkəzə hədiyyə etmişdir.
17.10.2024