Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifə Bizə yazın Sayt haqda məlumat
Az   |   Рус

XƏBƏRLƏR 2018

  • bg1
  • bg1
  • bg1
  • bg1
1 1 1 1
html5 slider by WOWSlider.com v8.8

Azərbaycanda səfərdə olan özbəkistanlı jurnalistlər «Kaspi» qəzetinin qonağı oldular.

Özbəkistanlı jurnalistlərdən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilati dəstəyi ilə baş tutan səfərdə məqsəd ilk olaraq Özbəkistan mediası vasitəsilə bu ölkənin ictimaiyyətini Azərbaycan və onun regionları haqqında, ölkəmizin ictimai həyatı, mədəniyyəti, turizmi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə daha geniş məlumatlandırmaq, habelə Özbəkistan və Azərbaycan mətbuatı arasında birbaşa əlaqələrin yaradılmasına, ikitərəfli əlaqələrin inkişafına dəstək olmaqdır. Azərbaycanın regionlarına da səfər edəcək jurnalistlər öncə «Kaspi» qəzetinin redaksiyasında qonaq oldular.
Özbəkistanda fəaliyyət göstərən Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasov xarici ölkələrdə ilk mədəniyyət mərkəzinin məhz Özbəkistanda fəaliyyətə başladığına diqqət çəkdi: "Biz Mədəniyyət Mərkəzində Azərbaycan dili kursları təşkil etmişik ki, orada yaşayan azərbaycanlılar öz dillərini unutmasınlar. Orada təkcə azərbaycanlılar deyil, başqa xalqların nümayəndələri də oxuyurlar. Həmçinin bir sıra dərnəklər yaratmışıq. Özbəkistanda yaşayan 40 minlik azərbaycanlıya dövlət bütün şəraiti yaradıb. Biz də öz növbəmizdə çalışırıq ki, onlar tarixi vətənlərinə münasibətdə körpü rolunu oynasınlar”. S.Abbasov qeyd etdi ki, jurnalistlərin səfəri çərçivəsində Azərbaycanla bağlı Özbəkistan telekanallarında silsilə verilişlər yayımlanacaq və digər media orqanlarında məlumatlar yer alacaq: "Eyni zamanda, səfərlər zamanı çəkilən fotolar əsasında geniş bir sərginin təşkilini planlaşdırırıq. Yaxşı olardı ki, Özbəkistan haqqında da Azərbaycanın mətbu orqanlarında məqalələr çap olunsun. Biz bu vasitələrlə əlaqələrimizi gücləndirə bilərik”.
Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov qonaqların Cənubi Qafqazda ən qədim olan «Kaspi» qəzetinin redaksiyasına səfər etdiklərini xatırlatdı: "Kaspi” qəzeti üç əsri birləşdirir. Bu qəzetlə dövrünün ən görkəmli şəxsiyyətləri əməkdaşlıq edib”. Millət vəkili özbək xalqı ilə Azərbaycan xalqı arasındakı bağlılığa toxunaraq əlaqələrimizin bundan sonra daha da inkişaf edəcəyinə əminliyini bildirdi: "Tariximiz-kökümüz, dilimiz, dinimiz, mədəniyyətimiz, dünyagörüşümüz birdir, musiqimiz çox yaxındır. Ola bilsin ki, müəyyən antropoloji fərqlər var. Sizin Maksud Şeyxzadə əslində azərbaycanlıdır. Ancaq o, özbək ədəbiyyatını zənginləşdirən əsərlər yadigar qoyub. O, hər iki xalqın yazıçısıdır. Əlişir Nəvai sizə nə qədər yaxındırsa, bizə də o qədər doğmadır. Biz sovet dövründə Qafur Qulamın əsərlərini oxumuşuq. Koroğlu da, Molla Nəsrəddin də ümumidir, ona görə biz bir-birimizə yaxınıq. Artıq Özbəkistan türk dövlətlər birliyinə bütün istiqamətlərdə qoşulub. Bu da türkdilli xalqların birləşməsinə gözəl töhfə verəcək”.

«Kaspi» qəzetinin təsisçisi Sona Vəliyeva qonaqları salamlayaraq "evinizə xoş gəlmisiniz!” dedi. Xalqlarımızın qəlbən və ruhən bir-birinə yaxın olduğunu vurğulayan təsisçi: «İnanırıq ki, sizin bundan sonrakı fəaliyyətiniz Azərbaycan haqqında informasiyaların istiqamətini müəyyənləşdirəcək» - deyə qeyd etdi. S.Vəliyeva rəhbərlik etdiyi qəzetin fəaliyyəti haqqında məlumat verərək «Üç əsrin qəzeti»nin bu gün də ictimai fikrin formalaşmasında, maarifçilik ənənələrinin təbliğində böyük rol oynadığını bildirdi: "1918-ci ilin Mart hadisələri zamanı «Kaspi» qəzetinin redaksiyası ermənilər tərəfindən yandırılıb. Bu, tarixdə ilk dəfə terrora məruz qalan qəzet olub. 90-cı illərin əvvəllərində Azərbaycan müstəqillik qazandı. Özəl mətbuatın inkişafına xüsusi dövlət dəstəyi oldu. Ulu öndər Heydər Əliyevin xeyir-duası ilə "Kaspi” yenidən fəaliyyətə başladı. Biz qəzetin ilk tarixi missiyasını hər zaman qorumağa çalışırıq. Vətəndaş həmrəyliyi və birliyi, bütün türkdilli xalqların birliyi, azad sözün və mətbuatın, həqiqətin təbliği – biz bu ideyalara sadiq qaldıq”. S.Vəiyeva Azərbaycan və özbək xalqlarının ruh bağlılığı olduğunu bildirdi: "Bizi sizlə birləşdirən ruh bağlarıdır. Bizim folklorumuz, laylalarımız, tariximiz birdir. Azərbaycan həm də sizin evinizdir”.

«Qalampir.uz» xəbər və əyləncə saytının baş redaktoru Qamaraddin Şayxov çıxışına Cümhuriyyət İli münasibəti ilə təbriklə başladı: "Biz Azərbaycan xalqını Özbəkistanda böyük səmimiyyətlə təbrik etdik. Doğrudan da bizim təkcə dilimiz, dinimiz, mədəniyyətimiz deyil, həm də ruhumuz birdir. Eyni zamanda, gələcək üçün məqsədlərimiz də birdir». Özbək jurnalist Füzuli rayon Alxanlı kənd sakini, 2 yaşlı Zəhranın ermənilər tərəfindən öldürülməsi ilə bağlı faciəyə toxundu: «Bu hadisədən sonra mən Qarabağ hadisələri mövzusunda daha çox yazmağa başladım. Körpə bir qızın öldürülməsi mənə çox ağır gəldi. Azərbaycanın problemləri də bizimdir. Siz sevinəndə biz də sevinir, kədərlənəndə kədərlənirik”.
Özbəkistan Dövlət Televiziyasının tanınmış jurnalisti, mədəniyyət, turizm üzrə populyar verilişlərin müəllifi Elmira Tuxvatillina «hər bir jurnalist gücdür və onun böyük auditoriyaya təsir etmək imkanı var” deyə bildirdi: "Bu baxımdan, bizim hazırladığımız proqramlar, məqalələrlə ölkələrimiz haqqındakı münasibətləri daha da doğmalaşdırmaq imkanımız var”.
«Dünyo boylab» telekanalının jurnalisti Gülsara Saqatxanova tələbələrinə Azərbaycan mədəniyyəti, adət-ənənələri, Xocalı faciəsi ilə bağlı kurs və diplom işləri verdiyini bildirdi: "İstəyirəm ki, böyüyən nəsil Azərbaycan haqqında həqiqətləri bilsin”.
«Nargis.uz» saytının baş redaktoru Nargiz Kasımova Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən bütün tədbirlərdə yaxından iştirak etdiklərini, övladlarının həmin mərkəzin kompyuter kurslarına, rəqs dərnəklərinə, Azərbaycan dili kurslarına getdiklərini qeyd etdi: "İki dövlət arasındakı əlaqələrin inkişafında mədəni əlaqələrin ayrıca yeri var. Biz də Özbəkistana qayıdandan sonra Azərbaycanın mədəniyyəti haqqında bir proqram hazırlamağı və bir sıra telekanallarda yayımlamağı düşünürük. Hesab edirəm ki, xalqların yaxınlaşmasına bizim də təsirimiz olacaq”.
Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı da belə səfərlərin iki ölkə arasında əlaqələrin daha da inkişafına səbəb olacağını qeyd etdi. Qonaqlara "Kaspi” nəşrlərindən olan kitablar təqdim olundu.

07.07.2018

SON XEBERLER

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
HotLog © 2013 - 2018 Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası