ÖN SÖZ
Azərbaycan Respublikasının əhalisinin gündəlik ünsiyyət vasitəsi və rəsmi dövlət dili olan
Azərbaycan dili Ural-Altay dilləri ailəsinin türk dilləri şöbəsinin Oğuz sinfinin qərb qrupuna
daxildir. Azərbaycan dilindən Azərbaycan, İran, İraq, Gürcüstan, Rusiya, Türkiyə, Ukrayna,
Suriya, Əfqanıstan, Özbəkistan, Qazaxıstan və s. ölkələrin ərazisində istifadə olunur və bu dil
dünyanın müxtəlif yerində yaşayan 60 milyondan çox Azərbaycan türkünün ana dilidir.
Azərbaycan dili geneoloji təsnifata görə türk dillərindən biri olub, həmin dil ailəsinin oğuz
qrupuna daxildir və ən yaxın qohumları olan türk, türkmən və qaqauz dilləri ilə birlikdə ərazi
prinsipinə görə türk dilləri arealının cənub-qərb qrupunu təşkil edirlər.
Ənənəvi-morfoloji və ya tipoloji təsnifat baxımından Azərbaycan dili iltisaqi (aqlütinativ)
dillər qrupuna daxildir. Bu qrupa daxil olan bütün dillər kimi, Azərbaycan söz kökləri öz mənası
olan müstəqil sözlərdir, qrammatik mənalar və əlaqələr isə həmişə söz kökündən sonra gələn
təkmənalı şəkilçilərin köməyi ilə ifadə edilir. Bütün söz kökləri leksik və qrammatik mənası olan
müstəqil sözlərdir; qrammatik mənalar və qrammatik əlaqələr isə həmişə söz kökündən və
kökdən sonra gələn təkmənalı (monosemantik) şəkilçilər vasitəsilə ifadə olunur.
Ümumxalq Azərbaycan dili eramızın V əsrində formalaşmışdır. VI-VIII əsrlər şifahi ədəbi
dilimizin təşəkkülü və inkişafı dövrüdür. Bu dövrün ən mükəmməl abidəsi “Kitabi-Dədə
Qorqud” dastanıdır.....