XƏBƏRLƏR 2023
Azərbaycan Mədəniyyət Mərkəzi Heydər Əliyevə həsr olunmuş “Xalqa bağışlanan ömürdən anlar” adlı beynəlxalq onlayn konfransda təmsil olunub.
Bişkekdə fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun təşkilatçılığı, Gəncə şəhər MKS-nin 24 saylı kitabxana filialının moderatorluğu ilə ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Xalqa bağışlanan ömürdən anlar” mövzusunda onlayn Beynəlxalq elmi-nəzəri konfrans keçirilib.
Konfransda 11 ölkədən 40-a yaxın görkəmli dövlət, elm, mədəniyyət və ictimai-siyasi xadimlər çıxış edib.
TDSDF-nin prezidenti Nüsrət Məmmədov ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumat verib, onu dünya şöhrətli siyasətçi adlandırıb.
Türkiyədəki zəlzələnin episentri olan Hatay şəhərindən videokonfransa qatılan TÜRKSOY-un Baş katibi Sultan Rayev ulu öndər Heydər Əliyev haqqında xatirələrini danışıb.
Qazaxıstanın və Qırğızıstanın Xalq şairi, Qazaxıstanın Milli Qəhrəmanı Muxtar Şaxanov, Xalq yazıçısı Çingiz Abdullayev, akademiklər Nizami Cəfərov, Yaqub Mahmudov, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Qırğızıstanın Milli Qəhrəmanı, ölkə parlamentinin sabiq spikeri Medetkan Şerimkulov, Azərbaycanın Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, Azərbaycan Sahibkar Qadınlar Birliyinin sədri Zemfira Ağayeva və başqaları çıxış ediblər. Türkiyəli şair-tərcüməçi Yusif Aslanın Heydər Əliyevə həsr etdiyi şeir konfrans iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə konfrans iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə “Heydər Əliyev ili” ilə əlaqədar təbrik məktubunun göndərilməsi və belə bir tədbirin Türk Dünyasının Mədəniyyət Paytaxtı elan edilmiş Şuşa şəhərində keçirilməsi qərara alınıb.
Nüsrət Məmmədov konfrans iştirakçılarının çıxışları əsasında kitab hazırlayacağını bəyan edib.
Fond “Planetlə dialoq” filminin təqdimatının Şuşada keçirilməsini təklif edib.
11.03.2023