XƏBƏRLƏR 2023
Adil Kərimli Daşkənddə Özbəkistan Respublikasının Mədəniyyət və Turizm naziri Ozodbek Nazarbekovla görüşüb.
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli Özbəkistanın paytaxtı Daşkənddə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un 30 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edir.
Səfər çərçivəsində Adil Kərimli Daşkənddə Özbəkistan Respublikasının Mədəniyyət və Turizm naziri Ozodbek Nazarbekov arasında görüş keçirilib.
TÜRKSOY-un 30 illik yubileyi münasibətilə keçirilən tədbirlərə dəvətə görə öz təşəkkürünü bildirən nazir Adil Kərimli iki qardaş ölkə arasında mədəni əlaqələrin daha da sıxlaşmasında, iki xalqın zəngin mədəniyyətlərinin təbliğində hər iki nazirliyin əməkdaşlığını yüksək qiymətləndirib.
Azərbaycala Özbəkistan arasında əlaqələrin yüksək səviyyəsindən məmnunluğunu bildirən Adil Kərimli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Özbəkistana xüsusi önəm verdiyini və təkcə ötən ildə bu ölkəyə üç dəfə səfər etdiyini xatırladıb. Özbəkistanın Mədəniyyət və Turizm naziri Ozodbek Nazarbekovun da Azərbaycanın qədim mədəniyyət mərkəzi sayılan Şuşa şəhərinin 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunması münasibətilə təşkil olunan tədbirlərdə iştirakını da vurğulayıb. İki ölkə arasında mədəni əlaqələrin möhkəmlənməsi baxımından qarşılıqlı səfərlərin, ortaq layihələrin önəmindən söz açan nazir bundan sonra daha sıx şəkildə əmakdaşlığın vacibliyini qeyd edib.
Özbəkistanın Mədəniyyət və Turizm naziri Azadbek Nazarbekov da öz nöbəsində qardaş ölkə olan Azərbaycanla bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsində də daha sıx əlaqələrin qurulmasının böyük əhəmiyyətindən söz açaraq Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyevin də iki ölkə münasibətlərinə xüsusi önəm və diqqət yetirdiyini vurğulayıb.
Birgə əməkdaşlıq çərçivəsində mədəniyyət layihələrinin həyata keçirilməsini təklif edən nazir azərbaycanlı həmkarını önümüzdəki aylarda Özbəkistanda təşkil olunacaq beynəlxalq festivallara dəvət edib və özünün hər zaman Azərbaycana səfər etməyə hazır olduğunu bildirib.
Görüşdə cari ilin iyul ayında Azərbaycanda Özbəkistan Mədəniyyət Günlərinin keçirilməsi, oktyabr ayında Özbəkistanda Azərbaycan Mədəniyyət Günlərinin təşkili, beynəlxalq muğam müsabiqəsi, “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” ili çərçivəsində nəzərdə tutulan tədbirlər və layihələr, abidələrin restavrasiyası sahəsində əməkdaşlıq, təcrübə mübadiləsi, TÜRKSOY çərçivəsində üzv dövlətlərin iştirakı ilə Türk xalqlarının tarixinə həsr olunmuş bədii filmin hazırlanması, ortaq mədəni mirasımızın birgə əməkdaşlıq çərçivəsində təbliği və mühafizəsi kimi bir çox məsələlər barədə fikir mübadiləsi aparılıb.
20.06.2023