XƏBƏRLƏR 2023
Azərbaycanda keçiriləcək Özbəkistan mədəniyyət günləri ilə əlaqədar Özbəkistan nümayəndə heyəti Azərbaycan Milli Kitabxanasında olublar.
Özbəkistan Mədəniyyət günləri keçirilməsi ilə əlaqədar Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, Özbəkistan Mədəniyyət və Turizm Nazirliyinin incəsənət şöbəsinin müdiri, Beynəlxalq əməkdaşlıq şöbəsinin mütəxəssisi Milli Kitabxanada olublar.
22 iyun tarixində Azərbaycan Respublikasının Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Özbəkistan Mədəniyyət və Turizm Nazirliyinin incəsənət şöbəsinin müdiri Bakhrom Usmonov, həmin nazirliyin beynəlxalq əməkdaşlıq şöbəsinin mütəxəssisi Khamroz Dekhkonov Azərbaycan Milli Kitabxanasında olublar. Milli Kitabxananın direktoru prof. Kərim Tahirov qonaqları qəbul edib.
Avqustun 1-3-ü tarixlərində Azərbaycanda Özbəkistan Mədəniyyət günləri keçiriləcəkdir və günlər çərçivəsində görkəmli özbək ədibi, yazıçısı Abdulla Qədirinin Azərbaycan dilinə tərcümə olunaraq nəfis tərtibatda hazırlanmış “Ötən günlər” kitabının təqdimatı olacaq.
Avqustun 2-də baş tutacaq bu təqdimatın Azərbaycan Milli Kitabxanasında olması planlaşdırılır. Bununla əlaqədar qonaqlar Milli Kitabxanada olub və təqdimatın keçiriləcəyi zalla yaxından tanış olublar. Görüş zamanı təqdimatının keçirilməsi ilə bağlı təfərrüatları müzakirə olunub.
Qonaqlar səmimi qəbul üçün Azərbaycan Milli Kitabxanasının direktoruna təşəkkürünü bildirərək, görüşdən çox məmnun olduqlarını qeyd ediblər.
Görüşün sonunda qonaqlara “Azərbaycanın Milli Kitabxanası. Fotoalbom”, “Shusha star of Karabagh”, “Azərbaycanın Xəritəsi”, “Salam Azərbaycan” və “Azərbaycan xalçaları dünya kolleksiyalarında” kitabları hədiyyə olunub.
Qeyd edək ki, Milli Kitabxana ilə yanaşı Heydər Əliyev Sarayı, Akademik Musiqili Teatr, İçərişəhər Dövlət Qoruğu və Dənizkənarı Bulvar İdarəsi ərazisində tədbirlərin keçirilməsi nəzərdə tutulub.
22.06.2023